05.03.19 13:04 ərzində olan dəyişikliklər Yazan Administrator 05.03.19 12:06
XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı fevralın 26-da Türkiyənin İstanbul şəhərində izdihamlı yürüş keçirilib. Yürüş Azərbaycanın İstanbuldakı baş konsulluğu və İstanbulun Bağçılar Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutub.
Yürüşdə Azərbaycandan gəlmiş nümayəndə heyəti, Türkiyə Böyük Millət Məclisinin deputatları, ictimaiyyətin və KİV-lərin nümayəndələri, ölkəmizin İstanbuldakı baş konsulluğunun, Bağçılar Bələdiyyəsinin əməkdaşları iştirak ediblər. Yürüşdə Gəncliyə Yardım Fondunun İctimai Əlaqələr şöbəsinin əməkdaşı Zəki Şahin də iştirak edib.
Əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqları, “Xocalı qətliamı. Unutmadıq, unutdurmayacağıq” sözləri, soyqırımı zamanı həlak olmuş insanların adları yazılmış plakatlar tutan yürüş iştirakçıları Bağçılar meydanından Azərbaycan Dostluq Parkına doğru hərəkət ediblər.
Yürüşün məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək, ermənilər tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idi.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edənlər Xocalıda törədilmiş soyqırımı haqqında tədbir iştirakçılarına məlumat veriblər. Qeyd edilib ki, orada insanlar azərbaycanlı və müsəlman olduqlarına görə qətlə yetiriliblər. Buna görə də Xocalı soyqırımı yalnız Azərbaycana qarşı deyil, bütün türk və müsəlman dünyasına, eyni zamanda, insanlığa qarşı törədilmiş bəşəri cinayətdir.
Sonra tədbir iştirakçıları parkda inşa edilmiş “Xocalını unutma” abidəsinin önünə güllər düzüblər.
Xocalı soyqırımında qətlə yetirilmiş insanların sayına uyğun olaraq parkda 613 ağac əkilib.