İnsani Yardım Gəncliyə Yardım Fondunda 20 Yanvar şəhid ailələri ilə görüş keçirildi.

Gəncliyə Yardım Fondunda 20 Yanvar şəhid ailələri ilə görüş keçirildi.

8

18.01.2012-ci il tarixində Gəncliyə Yardım Fondunda (GYF) 20 Yanvar – Ümumxalq Hüzn Günü ərəfəsində 20 Yanvar şəhidlərinin və əlillərinin ailələri ilə görüş keçirilmişdir.

   Tədbirin təşkilatçıları Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Türkiyənin “İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyi”nin Azərbaycan nümayəndəliyi, 20 Yanvar Fondu və GYF-dir.

   Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın dövlət himni səsləndirilmiş, 20 Yanvar faciəsinə həsr edilmiş videoçarx nümayiş etdirilmişdir.

   Tədbirdə Türkiyənin “İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyi”nin Azərbaycan nümayəndəliyinin sədri Sedat Demir, Nazirlər Kabinetinin nümayəndəsi Məhəmməd Məhərrəmov, Milli Məclisin deputatları Sevinc Hüseynova və Etibar Hüseynov, 20 Yanvar Fondunun sədri Yusif Bünyadzadə, 20 Yanvar Cəmiyyətinin sədri Soltan Əzimzadə çıxış etmişlər.

   20 Yanvarın Azərbaycanın azadlıq mübarizəsi tarixində şanlı səhifələrdən biri olduğunu xatırladan natiqlər 22 il əvvəl müstəqillik və suverenlik uğrunda mübarizəyə qalxmış xalqımızın başına gətirilən faciədən danışmışlar. Qeyd edilmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə geçən gecə Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarımız həmin müdhiş gecədə canlarından keçərək, şəhidlik zirvəsinə ucalmışlar.

   Diqqətə çatdırılmışdır ki, faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqının dərdinə şərik çıxmış, Qanlı Yanvar faciəsini törədənləri cəsarətlə lənətləmiş və hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb etmişdir. Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu qanlı aksiya siyasi-hüquqi qiymətini almış, hadisənin əsl mahiyyəti dünyaya çatdırılmışdır.

   Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutacaq, onların fədakarlığı xalqımızın yaddaşından heç zaman silinməyəcəkdir.

   Görüşün sonunda 180 şəhid və əlil ailəsinə ərzaq bağlaması paylanılmışdır.