Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondunda “Xocalını unutma!” devizi altında möhtəşəm tədbir keçirilmişdir.

Gəncliyə Yardım Fondunda “Xocalını unutma!” devizi altında möhtəşəm tədbir keçirilmişdir.

12

   Hər birimizə məlum olduğu kimi1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır.

    Nəticədə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.

  Tarixi həqiqətləri gənc nəsilə çatdırmaq, böyüməkdə olan gənc nəsilin vətənpərvər ruhda yetişdirmək və Azərbaycan xalqının başına gətirilən müsibətlərin cavabsız qalmaması üçün “Xocalı Soyqırımını Tanıtma”   İctimai birliyi,   Azərbaycan Respublikası  Gəncliyə Yardım Fondu,    “Dünya Azərbaycanlılarının  Həmrəyliyinə Dəstək” İctimai birliyi və   İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar “Xocalını Unutma!” devizi altında birgə tədbir keçirilmişdir.

    “Xocalını unutma!” devizi altında keçirilən tədbiri giriş sözü ilə “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Ana harayı” qəzetinin baş redaktoru  Şamil Sabiroğlu açdı. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi 1 dəq. sükutla yad edildi. Ş.Sabiroğlu bildirdi ki, 1992 ci ilin fevral ayının 26-da, ermənilər, Xankədindəki Rusiyaya məxsus  336-cı alayın köməyi ilə Xocalıda soydaşlarımıza qarşı soyqırım  törədiblər. Məlum soyqırım zamanı 613 nəfər şəhid olub, 1275 nəfər əsir və ya girov götürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər, o cümlədən 76 uşaq yaralanaraq əlil olmuşdur.

   Daha  sonra  cıxış  edən Gəncliyə Yardım Fondunun icraçı katibi Nəcməddin Akbulut bu günkü Azərbaycan gəncliyinin öz torpaqlarının azadlığı uğrunda mübarizə aparmaq iqtidarında olduğunu qeyd etdi. Natiq onu da vurğuladı ki, 20 il bundan qabaq körpə uşaq olanlar indi bütün tarixi həqiqətləri bilir və bu vəhşiliklərə göz yuma bilməz.

    “Dünya Azərbaycanlılarını Həmrəyliyinə  Dəstək” cəmiyyətinin prezidenti Tofiq Əli-zadə isə öz çıxışında, bu günlərdə dünyanın bir cox ölkələrində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilməsi barədə məlumat verdi, xaricdəki soydaşlarımızın hələ də lazımi səviyyədə təşkilatlanmamasını, milli həmrəyliyimizin zəif olmasını təəssüf hissilə qeyd etdi.

   Tədbirdə çıxış edən Milli Məclisin deputatı Etibar Hüseynov bütün Azərbaycan xalqını vüqarlı olmağa, öz torpaqlarının azadlığı uğrunda mübarizədən əl çəkməməyə çağırdı.

   Nərimanov rayonundakı Azərbaycanın Milli Qəhrəmanı, şəhid Rafiq Nəsrəddinov adına 39 saylı  məktəbin şagirdləri – Mədinə Əliməmmədova, Şamilə Ələkbərli, Firuzə, Xocalı faciəsinə həsr olunmuş maraqlı ədəbi-bədii kompozisiya ilə tədbir iştirakşıları qarşısında cıxış etdilər. Sonda “Karvan qrupunun ifasında sözləri şairə Hacı Sürəyya Küskünə, musiqisi Arif Səlimova məxsus olan “Mübariz olaq!” klipi təqdim edildi.