Martın 7-də Gəncliyə Yardım Fondunda Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi IX əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi keçirilib.
Tədbirdə bildirilib ki, hər il ənənəvi olaraq Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə “Azərbaycan və Türkiyə xanımlarının əl işləri Xeyriyyə Sərgisi” təşkil edilir. Sərgidən əldə olunan gəlir Azərbaycan xalqının milli və sosial problemlərinin həllinə həsr olunur. Belə ki, ötən illərdə təşkil edilən sərgilər “Xocalıya yardım”, “Qarabağ: Suallar və faktlar” kitabının nəşri, “Yeddi uşaq evinə yardım”, “Qocalar evinə yardım”, “Uşaqlar arasında dişlərə qulluq mədəniyyətinin formalaşması”, “Qarabağ:…
Suallar və faktlar” kitabının Türkiyə türkcəsində nəşri, “25 əlilə əlil arabası”, “50 imkansız tələbəyə bir illik təqaüd” və “Yüz imkansız ailəyə bir illik ərzaq yardımı” layihələrinə həsr edilib.
Sərginin açılışında çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim bu işdə hər kəsi birliyə və həmrəyliyə dəvət edib. O, öz çıxışında Ümummilli Liderimiz Heydər Əliyevin uşaqlara olan qayğısından danışmış və onun layiqli davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyev cənablarının bu sahədəki uğurlu fəaliyyətinin təqdirə layiq olduğunu qeyd etmişdir.
Bu dəfə keçirilən xeyriyyə sərgisindən əldə olunacaq gəlir “101 arzunu gerçəkləşdir” layihəsinin həyata keçirilməsi üçün istifadə olunacaq. Layihə çərçivəsində Bakıda yaşayan, 6-12 yaşlarında olan 101 yetim və kimsəsiz uşaq seçiləcək və sərgidən əldə olunan gəlirlər onların arzusunun gerçəkləşməsinə sərf ediləcək.
Sərginin açılış mərasimində Milli Məclisin deputatları, Türkiyə səfirliyinin müşavirləri, Hökumət nümayəndələri və QHT rəhbərləri iştirak edib.
Sonra iştirakçılar 4 gün davam edəcək sərgi ilə yaxından tanış olmuşlar.
Onu da qeyd edək ki, arzu edən hər kəs 23.04.2012-ci il saat 11:00 tarixində layihə çərçivəsində 101 yetim və kimsəsiz uşağın hədiyyələrinin təqdimat mərasiminə dəvətlidir. Təqdimat mərasimi Gəncliyə Yardım Fondunun konfrans zalında keçiriləcəkdir.