İnsani Yardım Gəncliyə Yardım Fondu 23.04.2012 tarixində 101 uşağı sevindirəcək

Gəncliyə Yardım Fondu 23.04.2012 tarixində 101 uşağı sevindirəcək

37

    Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu artıq xeyriyyəçilik fəaliyyətləri ilə ad çıxarmış, bu günə kimi humanitar yardım, təhsilə dəstək, qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və aztəminatlı ailələrə köməklik kimi fəaliyyətləri ilə hər zaman xalqımıza öz maddi-mənəvi dəstəyini göstərmişdir. 

Fondun, qurulduğu gündən etibarən fəaliyyətlərinin mərkəzindəki əsas düşüncə imkansızlara, ehtiyac sahiblərinə yardım göstərmək olmuşdur. Bu mənada tez-tez yardım kampaniyaları təşkil olunur və bu fəaliyyətlər geniş bir sahədə davam etdirilir. 

      Bir insanı sevindirməyin nə qədər dəyərli bir əməl olduğunu hər birimiz çox yaxşı bilirik. İnsanları sevmək, onlara qayğı göstərmək, ən   onların dərdlərinə şərik olmaq, bununla yanaşı öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımıza, onların timsalında imkansız ailələrə imkanımızın çatdığı qədər yardımların edilməsi ən azından insanlıq və vətəndaşlıq borcumuzdur. Bu ülvi qayəni qarşısına məqsəd qoyan Gəncliyə Yardım Fondu bu işdə hər kəsi birliyə və həmrəyliyə dəvət edir.

     İllərdir uşaqlarla yaxından dostluq edən və onlara hər zaman qayğı göstərən Gəncliyə Yardım Fondu ənənəvi olaraq, aztəminatlı, eləcə də qaçqın və məcburi köçkün ailələrinin uşaqları üçün bayram şənlikləri keçirir, onlara sovqatlar aparır, məktəb ləvazimatları ilə təmin edir.

     Bu ülvi qayəni qarşısına məqsəd qoyan Gəncliyə Yardım Fondu 23 Aprel-Uşaq Bayramı münasibətilə yetim və kimsəsiz uşaqlarla görüş keçirməyi planlaşdırır. Görüş əsnasında Bakı şəhərində yaşayan, 6-12 yaşlarında olan 101 yetim və kimsəsiz uşağa istədikləri hədiyyələr təqdim ediləcəkdir.

     Qeyd edək ki, bu layihə Gəncliyə Yardım Fondunun tərkibində “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə 07 mart  2012-ci il  tarixində keçirilən “Azərbaycanlı və Türkiyəli xanımların əl işləri Xeyriyyə Sərgisi” dən əldə olunan vəsait əsasında həyata keçirilir.

     Tədbir 23 Aprel 2012-ci il, saat 12:00-da Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Konfrans zalında (Ünvan: Bakı şəh, Cəfərov qardaşları küç., 16, İçəri Şəhər metrosu, Təzə Bəy hamamının yaxınlığında ) keçiriləcəkdir.