Azərbaycan respublikası Gəncliyə Yardım Fondu (GYF) kimsəsizləri sevindirmək istiqamətində daha bir addım ataraq 101 uşağa hədiyyə verdi.
Tədbir Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin istiqlal marşı ilə açıq elan edildi.
Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tedcim bütün uşaqları bu bayram münasibətilə təbrik etdi və dövlət rəhbərliyinin uşaqlara göstərdiyi qayğıdan danışdı.
Eyni zamanda tədbirdə Gənclər və İdman nazirinin müavini cənab İntiqam Babayev, Prezident Aparatı İctimai Siyasi Əlaqələr şöbəsinin məsul işçisi cənab Rasim Mirzəyev, Nazirlər Kabineti Aparatının sektor müdiri cənab Ramin Talıblı, Türkyə Cumhuriyyəti Bakı Böyükelçisinin müstəşarı cənab Rza Kğaan Yılmaz, Millət vəkilləri Zahid Oruc və Etibar Hüseynov, tanınmış müğənni Zeynəb Dostəliyeva və Bakı Şəhər Yol Polisinin İctimai Əlaqələr şöbəsinin müdiri polkovnik Vaqif Əsədov çıxış edərək uşaqlara Gəncliyə Yardım Fondu tərəfindən hazırlanmış hədiyyələri təqdim etdilər və öz ürək sözlərini qonaqlarla bölüşdülər.
Qeyd edək ki, hər il ənənəvi olaraq Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə “Azərbaycan və Türkiyə xanımlarının əl işləri Xeyriyyə Sərgisi” təşkil edilir. Sərgidən əldə olunan gəlir Azərbaycan xalqının milli problemlərinə həsr olunur. Belə ki, keçən illərdə təşkil edilən sərgilər; “Xocalıya Yardım”, “Qarabağ Suallar və Faktlar” kitabının nəşri, “Yeddi Uşaq Evinə Yardım”, “Qocalar Evinə Yardım”, “Uşaqlar Arasında Dişlərə Qulluq Mədəniyyətinin Formalaşması”, “Qarabağ Suallar və Faktlar” kitabının türk dilində nəşri, “25 əlilə əlil arabası” “50 imkansız tələbəyə bir illik təqaüd” və “Yüz imkansız ailəyə bir illik ərzaq yardımı” layihəsinə həsr edilmişdir.
Məhz, bu ilki xeyriyyə sərgisindən də əldə olunan vəsaitlər, Gəncliyə Yardım Fondunun “101 Arzunu Gerçəkləşdir” adlı xeyriyyə layihəyəsində istifadə olunmuşdur. Layihə çərçivəsində Bakı şəhərində yaşayan, yetim və kimsəsiz 6-12 yaşlarında olan 101 uşaq seçilərək onların arzuladıqları hədiyyələr alınmış və bu gün onlara təqdim edilmişdr.