Sosial Fəaliyyətlər Narkotik vasitələrdən istifadə sağalmaz xəstəliklərə yol açır

Narkotik vasitələrdən istifadə sağalmaz xəstəliklərə yol açır

28

Aprelin 26-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) Gəncliyə Yardım Fondunda “Narkomaniyadan özümüzü qoruyaq” mövzusunda konfrans keçirmişdir. 
     Tədbirdə dövlət və qeyri-hökumət təşkilatlarının, paytaxtın gənclər və idman idarələrinin, ali təhsil müəssisələrinin tələbə gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.

     BŞGİBİ-nin rəisi Raqif Abbasov bildirmişdir ki, konfransın məqsədi Prezident İlham Əliyevin 2007-ci il 28 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”nın yerinə yetirilməsindən, habelə narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürlərin formalaşdırılmasından və QİÇS-in profilaktikası sahəsində tədbirlərin səmərəliliyinin artırılmasından ibarətdir.

     Narkomaniya ilə mübarizədə Dövlət Proqramının əhəmiyyətindən danışan idarə rəisi qeyd etmişdir ki, bu işdə ən böyük dəstək cəmiyyətdən gəlməlidir. Bunun üçün narkomaniyanın acı nəticələrini əks etdirən sosial reklamlara, kütləvi informasiya vasitələrində verilişlərə ehtiyac vardır. Eyni zamanda, din xadimlərinin cəmiyyətə çağırışları, qonşu ölkələrin gənclərinin iştirakı ilə konfransların keçirilməsi narkomaniya ilə mübarizədə səmərə verə bilər.
     Konfransda Səhiyyə Nazirliyinin əməkdaşı Səbinə Babazadə, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyev, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin epidemioloqu Şahin Xasıyev, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Tanrıverdi Aydınov, Baş Narkoloji Dispanserin baş narkoloqu Lyudmila Cəfərova və başqaları çıxış edərək narkomaniyanın fəsadları və qarşısının alınması yollarından söhbət açmışlar.
     Bildirilmişdir ki, narkotik maddə aludəçilərinin sayının artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu, elə bir bəladır ki, ondan qurtarmaq çox çətindir. Bu xəstəlik insanın sağlamlığını, əmək qabiliyyətini əlindən alır, ailələrin dağılmasına, cinayətkarlığa yol açır. Ən pisi odur ki, narkotik vasitə istifadəçilərinin əksəriyyətini gənclər təşkil edirlər. Rəsmi qeydiyyata alınmış 26 min 716 narkomandan 5 mini gənclərdir.
     Diqqətə çatdırılmışdır ki, narkotik vasitələrdən istifadə ən təhlükəli, sağalmayan xəstəliklər törədir. Respublikada İİV/QİŞS virusu ilə yaşayan 3 min 267 insanın 62 faizi bu xəstəliklərə narkotik vasitələrdən istifadə zamanı yoluxmuşdur. 
     O da vurğulanmışdır ki, bu bəşəri bəla ilə mübarizə Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanı ilə yaradılmış Dövlət Komissiyası bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Təkcə ötən il qanunsuz daşınan 1 ton 342 kiloqram narkotik maddə məhv edilmişdir. Lakin unutmaq olmaz ki, insanları uçuruma sürükləyən “ağ ölüm”lə təkcə dövlət orqanları deyil, hamı mübarizə aparmalıdır.
     Tədbirdə narkomaniyaya düçar olmuş gənclərin acınacaqlı taleyindən bəhs edən videofilm nümayiş etdirilmişdir.