Mətbuatda Türkiyəli məşhur roman ustası İskəndər Pala Azərbaycanlı oxucuları ilə görüşdü

Türkiyəli məşhur roman ustası İskəndər Pala Azərbaycanlı oxucuları ilə görüşdü

29

 Türkiyəli məşhur roman ustası İskəndər Pala Azərbaycanlı oxucuları ilə görüşdü
     Sentyabrın 17-də Bakıda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “İskəndər Pala ilə ədəbi-fəlsəfi fikir gecəsi” keçirilib. “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) dəvəti ilə Azərbaycanda səfərdə olan qardaş ölkə yazıçısının iştirakı ilə keçirilən görüşdən öncə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin layihəsi çərçivəsində İskəndər Palanın Azərbaycan dilinə uyğunlaşdırılaraq yenicə çapdan çıxmış “OD” romanının satışı həyata keçirilib.

     Qeyd edək ki, “OD” romanının satışından əldə edilən vəsait xeyriyyə məqsədi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə Təbriz və ətrafında baş vermiş son dağıdıcı zəlzələdən zərər görmüş soydaşlarımıza göndəriləcək. 
     Gecədə açılış nitqi söyləyən ABAİ İB sədri, millət vəkili Qənirə Paşayeva öncə İskəndər Pala şəxsiyyəti və yaradıcılığı, onun Azərbaycana səfər proqramı, proqram çərçivəsində həyata keçirilmiş və keçiriləcək görüşlər, tədbirlər barədə ətraflı bilgi verib. Qənirə Paşayeva diqqəti onun Türk dünyasının böyük övladı Yunis Əmrədən bəhs edən “OD” romanı və romanın Azərbaycanda işıq üzü görməsi, bu işin gərəkçəsinə yönəldib.
     Çıxışına Azərbaycanda, Bakıda olmaqdan dərin məmnunluq keçirdiyini ifadə etməklə başlayan İskəndər Pala öz yaradıcılıq kredosu, özü üçün müəyyənləşdirdiyi ədəbi-fəlsəfi məntiqi barədə danışıb. Müraciət etdiyi mövzuları işləməmişdən öncə dərindən öyrəndiyi, sonra qələmə sarıldığı və əsəri ilkin variantda bitirdikdən sonra da qəhrəmanlarının yaşadıqları, mübarizə apardıqları, vuruşduqları kilid məntəqələrdə olmağa üstünlük verdiyini bildirən yazıçı, sevgi, eşq, yaşam biçimi kimi qavramlar üzərinə fikirlərini bölüşərək, Bakıda işıq üzü görən əsərlərinin, eləcə də digər bədii və elmi əsərlərinin meydana çıxma səbəbləri haqqında danışıb, bir türk aydını olaraq ehtiyac duyduğu məqamlardan söz açıb. 
     Sonra gecə fikir mübadiləsi və sual-cavab şəklində davam edib. Akademik Vaqif Abbasov, İ.Pala yaradıcılığının mahir bilicisi Əsgər Rəsulov, yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı, Türkiyənin Azərbaycandakı Böyükelçiliyinin müşavirləri öz fikir və mülahizələrini bölüşdükdən sonra tələbə-gənclər, digər çoxsaylı oxucular onları maraqlandıran suallarla yazıçıya müraciət edib, istək və arzularını dilə gətiriblər. 
     Sonda “OD”un imzalanma mərasimi olub, oxucular ünlü yazıçı ilə xatirə şəkilləri çəkdiriblər.