23-29 sentyabr tarixləri arası Azərbaycanın Misirdəki səfirliyi, Afrika İttifaqı yanında müşahidə missiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Afrika İttifaqının rəhbərliyi altında Afrika dövlətlərinin gənc mütəxəssislərinin ölkəmizə səfəri baş tutub.
Səfər çərçivəsində Afrika İttifaqı Komissiyasının əməkdaşları və Efiopiya, Kamerun, Misir, Benin, Svazilend, Keniya, Sudan, Nigeriya, Qabon, Mozambik və s. ölkələrin nümayəndələri Gəncliyə Yardım Fondunun nümayəndələri ilə görüşüblər.
Görüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqları salamlayaraq fondun fəaliyyəti, strukturu, baş tutan layihələr və gələcəkdə görüləcək işlər haqda ətraflı məlumat verib.
Gəncliyə Yardım Fondunun beynəlxalq tədbirlərdə müntəzəm iştirakını vurğulayan Ahmet Tecim xarici ölkə gəncləri ilə əməkdaşlıq və ortaq layihələrdən söhbət açıb.
Daha sonra Afrika nümayəndə heyətinin rəhbəri xanım Ngvenya öz təşkilatları barədə məlumat verib. Xanım Ngvenya əməkdaşlıq istiqamətlərindən danışaraq gələcəkdə Gəncliyə Yardım fondu ilə ortaq layihələrin həyata keçirilməsindən məmnun olacaqlarını bildirib.
Görüş qarşılıqlı diskussiya şəklində davam edib, birgə əməkdaşlıq çərçivəsində görüləcək layihələr müzakirə olunub və qonaqları maraqlandıran suallar cavablandırılıb.