5000-dən artıq ailəyə qurban əti paylandı
Məlum olduğu kimi Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə də öz fəaliyyətlərini davam etdirməktədir.
Belə ki, Gəncliyə Yardım Fondu qurban kəsmək və paylamaq fəaliyyətinə 1994-cü ildən başlamışdır. Fondumuz o zamandan etibarən də hər il qurban bayramında qurban kəsimlərini həyata keçirərək onları ehtiyac sahiblərinə paylamaqdadır. 2012-ci ildə fondumuz xüsusilə Türkiyənin Əziz Mahmud Hüdayi vəqfinin maddi köməyi ilə bu fəaliyyətlərini həyata keçirmişdir.
GYF–nun kəsdiyi qurbanların böyük bir hissəsi (təxminən yarısından çoxu) bir başa qaçqın şəhərciklərinə, qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və daha çox ehtiyac sahiblərinə göndərilmişdir. Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecimin bu yaxınlarda cəbhə bölgələrinə ziyarətindən sonra alınan qərara görə bu il də kəsilən 20 ton qurban ətinin bir hissəsi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin göstərişi ilə başda Bərdə rayonu Təklə kəndi, Ləmbəran kəndi və Göygöl rayonu Murovdağ qəsəbəsində məskunlaşan qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə paylanmışdır. Fondun mərkəzində də qurban paylarının bir qismi əvvəlcədən müəyyənləşdirilən kasıb ailələrə paylanmışdır. Qeyd edək ki, Gəncliyə Yardım Fondu bu paylama işini Azərbaycan Respublikasi Nazirlər Kabineti, Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsi, İcra hakimiyyətlərindən bir nümayəndə ilə birgə həyata keçirir. Əvvəlcədən verilən talonlar ehtiyac sahiblərinə təqdim edilir və qurban bayramı günü də ətlər paylanılır.
Fondun hər il həyata keçirdiyi bu xeyriyyə fəaliyyəti eyni zamanda cəmiyyətimizdə fərdlər arasındakı paylaşma ruhunun daha da artmasına və digər təşkilatların da bu cür xeyriyyə aksıyalarına qoşulmalarına vəsilə olmuşdur. Gəncliyə Yardım Fondu bundan sonrakı fəaliyyətlərini də Azərbaycan xalqının mənafeyi naminə həyata keçirməyə davam edəcəkdir.
Qeyd: Qurbanlıq heyvanlar gigiyenik cəhətdən təmiz məkanlarda, baytar nəzarəti altında və dini qaydalara uyğun olaraq kəsilir.
Heyvanların kəsiminə 26.10.2012-ci il saat 10 00-dan start verilmişdir.