İnsani Yardım “Sən tək deyilsən” adlı xeyriyyə tədbiri keçirildi

“Sən tək deyilsən” adlı xeyriyyə tədbiri keçirildi

5

 Bu gün “Beynəlxalq Əlillər Günü” münasibətilə Gəncliyə Yardım Fondunda  “Sən tək deyilsən” adlı xeyriyyə tədbiri keçirilib.

     Bir insanı sevindirməyin nə qədər dəyərli bir əməl olduğunu hər birimiz çox yaxşı bilirik. Hələ sevindirdiyimiz insanın fiziki qüsurlu olması, özünü kifayət qədər istədiyi kimi idarə edə bilməməsi və onun digər insanlardan daha çox qayğıya ehtiyacı olması işin əhəmiyyətinin daha da böyüklüyündən xəbər verir.

İnsanları sevmək, onlara qayğı göstərmək, ən azından onların dərdlərinə şərik olmaq, bununla yanaşı öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımıza, onların timsalında imkansız ailələrə imkanımızın çatdığı qədər yardımların edilməsi ən azından insanlıq və vətəndaşlıq borcumuzdur.

Bu ülvi qayəni qarşısına məqsəd qoyan Gəncliyə Yardım Fondu və Türkiyənin İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyinin Azərbaycan Nümayəndəliyi Azərbaycan Respublikası  Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının rəhbərliyi altında Beynəlxalq Əlillər Günü münasibətilə “Sən tək deyilsən” devizi altında qayğıya möhtac insanlarla görüş keçirilib.

Tədbiri açıq elan edən Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim tədbirdə bildirib ki, dünyada yaşayan əlillərin dərdlərini, hisslərini bölüşmək hər kəsin vətəndaşlıq borcudur. “Bəzi insanlar fiziki cəhətdən qüsurlu olurlar, bəlkə də bu, Tanrının sınağıdır. Amma əsas olan odur ki, həmin şəxslər ruhi cəhətdən sınmasınlar. Və bunun üçün onlara daimi qayğı və dəstək lazımdır”, – o deyib. Fondun prezidenti vurğulayıb ki, bəzi fiziki qüsurlu insanların həyatda apardığı mübarizə tam sağlam insanların mübarizəsindən qat-qat artıq olur.

Görüşdə Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi cənab Rasim Mirzəyev, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri və miqrasiya şöbəsinin məsləhətçisi Abil Qədirov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Vüqar Nəsibov, Millət vəkilləri Fazil Qəzənfəroğlu, Sevinc Hüseynova, Etibar Hüseynov, Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyətinin sədri cənab Davud Rəhimov, Gözdən Əlillər cəmiyyətinin sədri cənab Səmyar Abdullayev və Qarabağ Seyid Ocaqlarının sədri Seyid Camal Əzimbəyli çıxış edərək əlillərə qarşı göstərilən dövlət qayğısından danışmışlar.

Görüş əsnasında “20 əlilə əlil arabası”,  “50 əlilə əlil ağacı”  “50 gözdən əlilə əlil çəliyi” verilib. Tədbirdə  hökümət, QHT və KİV nümayəndələri də iştirak ediblər.