“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı.
Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 20 yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Gəncliyə Yardım Fondunun və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə iştirakçılar 1990-cı ilin Qara Yanvar qurbanlarının xatirəsini yad etmişlər. Sonra qanlı Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunmuşdur. Gəncliyə Yardım Fondunda həyata keçirilən tədbir 20 yanvar facisəninin 23-cü ildönümünün yad edilməsi, gənc nəslin nümayəndələrinə vətənə sevgi hisslərinin aşılanması, onlar arsında milli vətənpərvərlik ruhunun və Azərbaycan tarixinin təbliğ olunması, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək &¨çün şəraitin yaradılması məqsədilə baş tutub.
Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim tədbir iştirakçılarına şəhidlik fəlsəfəsindən danışıb.
“Bizi bu gün burada bir araya gətirən ortaq dəyərlərimiz, ortaq hisslərimiz və şəhidlərin ruhuna olan hörmətimizdir. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun. Şəhid olmaq demək ölmək demək deyil canını vətən yolunda qurban verərək ölməzliyə qovuşmaq deməkdir.
Ürəklərində vətən sevgisi olan şəhidlərimiz vətənin müstəqilliyi uğrunda 23 il öncə öz canlarından keçiblər. 20 yanvar günü Azərbaycanın və bütün Türk dünyasının hüzün günü olmaqla yanaşı həm də qəhrəmanlıq günüdür” deyə o, bildirib.
Azərbaycan Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev öz çıxışında vətən yolunda canından keçmiş şəhidlərin heç zaman unudulmayacağını vurğulayıb.
“Vətən uğrunda canından keçmiş şəhidlərin ruhu hər zaman yad ediləcək. Hər birimizə vətən üçün böyük işlər görmək nəsib olsun”.
Tədbirdə iştirak edən T.C. Bakı Böyükelçiliyinin Mədəniyyət müşaviri Seyid Ahmet Arslan öz çıxışında iki qardaş dövlətin tarix boyu bütün çətin anlarda bir-birinin yanında olmasından və bu gündən sonra da bu birlikdəliyin davamlı olacağından danışıb.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov məktəblilərə savadlı, vətənpərvər olmağı tövsiyyə edib.
“Dövlət gənclər siyasətinə böyük önəm verir. Dövlətin qüvvəsinin əsas məmbəyi insan kapitalıdır. Bütün məktəblilərə savadlı öz vətənini sevən bir gənc kimi yetişməyi tövsiyyə edirəm”.
O, çıxışında müsabiqədə iştirak edən məktəbliləri təbrik edib və gələcək həyatlarında onlara uğurlar arzulayıb.
Tədbirdə çıxış edən millət vəkilləri Sevinc Hüseynova və Aydın Mirzəzadə də yeni yetişən Azərbaycan gəncliyinin üzərinə düşən məsuliyyətlərdən və onlara göstərilən dövlət qayğısından danışıblar.
Gənclər və İdman Nazirliyinin şöbə müdiri Əli Məmmədov mərasimdə çıxışı zamanı Prezident Administarsiyası tərəfindən 20 yanvar facisəsinin 23-cü ildönümü ilə əlaqədar keçiriləcək tədbirlər planının hazırlandığını bildirib.
O, vurğulayıb ki, bu ildə həm ölkə daxilində həm də ölkə xaricində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədilə təbliğat xarakterli tədbirlər keçiriləcək.
“Biz hər birimiz istifadə etdiyimiz internet resursları vasitəsilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Bu bizim borcumuzdur”, – deyə o, qeyd edib.
Sonda 20 yanvar cəmiyyətinin nümayəndəsi Sahib Əliyev müsabiqənin təşkilatçılarına öz minnətdarlığını bildirib.
Sonra mövzu ilə bağlı ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.
Müsabiqədə müvafiq olaraq fərqlənmiş səkkiz nəfər və birinci, ikinci və üçüncü yerləri tutmuş Suraxanı rayonundakı 275 nömrəli məktəbin şagirdi Aytac Bağırlı, Xəzər rayonundakı 235 nömrəli məktəbin şagirdi Səbinə Allahverdiyeva və Nərimanov rayonundakı 93 nömrəli məktəbin şagirdi Sonaxanım Zalıyeva təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlar, pul mükafatları və xatirə hədiyyələri təqdim edilmişdir.