Sosial Fəaliyyətlər Seyid Yəhya Bakuvinin “Şəfaül Əsrar” kitabı təqdim olundu

Seyid Yəhya Bakuvinin “Şəfaül Əsrar” kitabı təqdim olundu

17

Bu gün Seyid Yəhya Bakuvi irsinin tanıdılması və təbliği istiqamətində İçəri Şəhər Şirvanşahlar Sarayı Kompleksində “Seyid Yəhya irsinin tanıdılması və təbliği” silsilə tədbirlərinə start verildi və Seyid Yəhya Bakuvinin “Şəfaül Əsrar” kitabının ikinci nəşrinin təqdimatı keçirildi. Tədbirin keçirilməsində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İB, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Atatürk Mərkəzi və Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatı təşkilatçılıq edirlər. 

Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Mehmet Rıhtım tərəfindən hazırlanan kitabın ön sözünün müəllifi millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İB-nin sədri millət vəkili Qənirə Paşayevadır. 

Tədbirdə çıxış edən siyasi slmlər üzrə fəlsəfə doktoru Q.Paşayeva yeni nəşr olunan Seyid Yəhya Bakuvinin “Şəfaül Əsrar” kitabından söz açıb. Bildirib ki, kitabı uzun illərin əməyinin bəhrəsi kimi nəşrə hazırlayan Dos.Dr. Mehmet Rıhtım əsərin çevirisi ilə yanaşı, onun izahını da verib. “Seyid Yəhyanın üslubu saxlanılmaqla əsərin çevirisi və izahlarda son dərəcə dəqiqlik və səliqəliliyə əməl edildiyi aydın görünür. Mehmet Rıhtım Azərbaycan təsəvvüf tarixinin, özəlliklə xəlvətilik sufi məktəbinin əsas tədqiqatçılarından olub, Seyid Yəhya irsinin nəinki Azərbaycanda, həm də dünyada tanıdılması üçün böyük əmək sərf edib. Belə ki, Seyid Yəhyanın “Şəfaül Əsrar” əsərinin Türkiyə türkcəsində artıq iki nəşri işıq üzü görüb, habelə alban və ingilis dillərinə çevrilməsinə başlanılıb. 

“Şəfaül Əsrar” əsəri İslam fəlsəfəsinin nadir əsərlərindəndir. Seyid Yəhya sanki bu əsərində kamil insanı inşa etmək üçün yol, nizamnamə qoyub gedib. Bu yolda, el ağzı ilə desək, şəyirdə ustad lazım olduğu kimi, mərifət axtarışında olana da mütləq kamil insan, mürşid lazımdır, – deyən Seyid Yəhya murada çatmaq üçün elm, ibrət almaq üçün göz, yola girib məqsədə çatmaq üçün isə vasitənin önəmini vurğulayır. Seyid Yəhya kamil insanın yetişməsi üçün yetmiş məqam müəyyənləşdirərək, onları bütün əsəri boyunca sıralayıb.

Əsər “Quran” ayələri və onların təfsirləri, Hz. Peyğəmbərin (s.a.s.) hədisləri, hikmətli sözlər və kəlamlarla zəngin olub, onun ürfani-fəlsəfi məktəbinin əsaslarının açıqlanmasında istifadə edil¬ib. Seyid Yəhyanın zəmanəsinin ruhuna və ədəbinə uyğun qələmə aldığı “Şəfaül-Əsrar” əsəri Azərbaycanın təsəvvüf tarixində özünəməxsus yer tutmaqla yanaşı, həm də xüsusi mərhələdir”.

Qeyd edək ki, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İB-nin dəstəyi ilə çap olunan kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə, filologiya elmləri doktoru, professor Azadə Musayeva, redaoktoru filologiya elmləri doktoru, professor Minəxanım Təkləli, filologiya elmləri fəlsəfə doktoru Nəzakət Məmmədova, rəyçilər filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu, filologiya elmləri doktoru Kamandar Şərifli, filologiya elmləri doktoru Səadət Şıxıyevadır.