Təhsil Fəaliyyətləri Uşaqlar arasında keçirilən bilik yarışmasına yekun vuruldu

Uşaqlar arasında keçirilən bilik yarışmasına yekun vuruldu

3

Gəncliyə Yardım Fondunun (GYF) və Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin (DAM) təşkil etdiyi ənənəvi, sayca 13-cü dini bilik yarışmasına yekun vurulub.

Tədbirin açılış mərasimində Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim,  İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin sədri Elçin Əsgərov, Gənclər və İdman Nazirliyi İctimai Şurasının sədri Nurəddin Mehdiyev, Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov, Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov və başqaları çıxış etmiş,  təşkilatçılar bu ilki müsabiqənin keçirilməsi və təşkilinə dəstək vermiş Səbail Rayon İcra Hakimiyyəti və Yasamal Rayon Gənclər və İdman İdarəsinə də öz təşəkkürlərini bildirmişdilər.

İki gün davam edən yarışmaya Bakının 20-dən çox məktəbində təhsil alan yeniyetmələr qatılıblar. Bütün iştirakçılar il ərzində mütəmadi keçirilən ilkin mərhələlərdə fərqlənərək final mərhələsində iştirak etmək hüququ qazanmışdılar. Dünən aşağı, bu gün isə yuxarı yaş qrupunda keçirilən final oyunlarının qaliblər müəyyənləşmişdir.

Aşağı yaş qrupunda Seyyid Hüseyn Əsgərzadə, yuxarı yaş qrupunda isə Seyidova Məsumə qalib  adını qazanmışdır. Qaliblərə, eləcə də 2 və 3-cü yer sahiblərinə müxtəlif məbləğdə pul mükafatı, növbəti tədris ili üçün aylıq təqaüd, həmçinin “Collins” dükanlar şəbəkəsindən 100 manatlıq alış-veriş kuponu təqdim edilib. Bütün digər iştirakçılara da həvəsləndirici mükafatlar verilib.

Qeyd edək ki, bu bilik yarışması Gəncliyə Yardım Fondu və Dini Araşdırmalar Mərkəzi tərəfindən artıq 13-cü ildir ki, keçirilir. Hər ilin əvvəlindən seçim turları təşkil olunur, bu turlarda qalib olanlar isə  dərs ilinin sonunda keçirilən final mərhələsində iştirak etmək hüququ qazanırlar.