İnsani Yardım “Ümidsiz gənclərin könüllüsü olaq !” layihəsi keçirilib

“Ümidsiz gənclərin könüllüsü olaq !” layihəsi keçirilib

11

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən IV qrant müsabiqəsi çərçivəsində Aidə İmanova tərəfindən fərdi qazanılmış “Ümidsiz gənclərin könüllüsü olaq !” layihəsinin açılışı 1 aprel 2014-cü il tarixində Gəncliyə Yardım Fondunda baş tutub.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev, Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, “Jurnalist Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov və digərləri çıxış edərək təbriklərini bildiriblər. Həmçinin dövlətimizin əlillərə, kimsəsizlərə, qocalara, qaçqınlara və məcburi köçkünlərə olan diqqət ve qayğısından söz açılıb. Tədbirdə digər QHT rəhbərləri, ziyalılar və gənclər iştirak ediblər.

Layihənin əsas məqsədi əlillərə, kimsəsizlərə, qocalara, qaçqınlara və məcburi köçkünlərə kömək etmək, insanpərvərliyin və dözümlülüyün təbliği ilə bağlı informasiya çatışmazlığını aradan qaldırmaq və bu sahədə təcrübəni inkişaf etdirməkdir. Layihə çərçivəsində təhsil alan şagird və gənclərdən ibarət könüllü qruplar təşkil olunacaq və əlil, kimsəsiz uşaq evlərinə ziyarətlər təşkil olunacaq.

Tədbirdə iştirak etmiş gənclərə köynək, papaq və bukletlər paylanılıb. Tədbirin sonunda gənclər diplomlarla təltif ediliblər və layihə ilə bağlı video-çarx nümayiş etdirilib.