İnsani Yardım QHT və media təmsilçiləri cəbhə bölgəsində səfərdə olublar

QHT və media təmsilçiləri cəbhə bölgəsində səfərdə olublar

6

Respublika Veteranlar Şurası və Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyi son dövrlər Ermənistan ordusunun atəşkəsi ən çox pozduğu cəbhə bölgəsinə səfər təşkil edib.

Səfər çərçivəsində Gəncliyə Yardım Fondu, Qarabağ QHT Koalisiyası, Gənclər Təşkilatları Milli Şurası, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi, Şəhid Ailələrinə Sosial Yardım İctimai Birliyi, eləcə də media nümayəndələri Müdafiə Nazirliyinin Fizulidə yerləşən N saylı hərbi hissəsində olublar. 

Yüksək əhval-ruhiyyədə olan hərbçilər düşmənin təxribatlarının hər zaman alındığını, cavab atəşi ilə susdurulduğunu bildiriblər. Əsgərlər Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızı azad etməyə hər an hazır olduqlarını vurğulayıblar.

Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli Azərbaycan dövlətinin gücləndiyini, iqtisadiyyatının sürətlə inkişaf etdiyini, ordumuzun gücləndiyini vurğulayıb. Azərbaycan prezidentİ, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən söz açan  E. Həsənli qeyd edib ki, artıq Ermənistan beynəlxalq aləmdə təcrid olunmağa, erməni yalanları üzə çıxmağa başlayıb.

Əsgərlərin qarşısında çıxış edən Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev uğurlu xarici siyasət və ordu quruculuğu sahəsində atılan addımların torpaqlarımızın işğaldan azad ediləcəyi vaxtın çox da uzaqda olmadığını göstərdiyini vurğulayıb və əsgərlərimizə düşmən qarşısında göstərdikləri şücaətə görə təşəkkür edib.

Hərbi vətənpərvərlik ruhunun döyüşün taleyində həlledici rol oynadığını bildirən Respublika Veteranlar Şurasının sədr müavini, polkovnik Cəlil Xəlilov Milli Qəhrəman Mübariz İbrahimov və digər cəsur vətən övladlarının gənclərimiz üçün örnək olduğunu söyləyib. O qeyd edib ki, Mübariz İbrahimov, Fərid Əhmədov kimi qəhrəmanların şücaəti Azərbaycan xalqının işğala dözməyəcəyini bir daha ortaya qoyub və bu, düşməni sarsıdıb. Cəlil Xəlilov əsgərləri düşmənin fitnə-fəsadlarına qarşı daha ayıq olmağa çağırıb.   

Daha sonra hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya fəxri fərman və hədiyyələr təqdim edilib.  QHT və media təmsilçiləri hərbi hissədə əsgərlər üçün yaradılmış şəraitlə tanış olub, onlarla birgə nahar ediblər. Qarabağ Şur ansamblı əsgərlər qarşısında  konsert proqramı ilə çıxış edib.