Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondunda Dünya Gənc türk Yazarlar Birliyinin “Paytaxtdan bölgələrə… Bölgələrdən paytaxta…”...

Gəncliyə Yardım Fondunda Dünya Gənc türk Yazarlar Birliyinin “Paytaxtdan bölgələrə… Bölgələrdən paytaxta…” adlı layihəsi keçirildi

8

Respublikamızın bölgələrində yaşayan istedadlı gənc yazarların yaradıcılıq örnəklərini əhatə edən “Bölgələrdən səslər” antologiyasının ikinci cildi işıq üzü görüb. Kitab Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Paytaxtdan bölgələrə… Bölgələrdən paytaxta…” adlı layihə çərçivəsində işıq üzü görüb. Nəşrdə Azərbaycanın müxtəlif bölgələrində yaşayıb-yaradan 62 istedadlı və perspektiv vəd edən yazarın yaradıcılığından örnəklər yer alıb.

İşin diqqət çəkən yönlərindən biri də odur ki, antologiya gənc yazarların öz nəsildaşları tərəfindən tərtib edilib. – Gənc yazarlardan İntiqam Yaşar (Gədəbəy), Gülnar Səma (Tovuz), Şəfa Vəli (Gəncə) və Tural Adışirinin (Şəki) tərtibçisi olduqları antologiyanın məsləhətçiləri yeni nəsil yazarlarımızdan Elxan Yurdoğlu (Naxçıvan MR), Elşən Əzim (Mingəçevir), Əlirza Həsrət (Cəlilabad), gənc yazıçı-dramaturq Rəvan Tohidoğlu və şair Dəyanət Osmanlıdır. İstedadlı gənc yazarlardan Əfsanə Ələsgərlinin “ön söz” yazdığı antologiyanı şair-publisist Əkbər Qoşalı və dos.dr. Rəsmiyyə Sabir redaktə ediblər. 
“Nurlan” nəşriyyatında işıq üzü görən antologiyada verilən poziya və nəsr örnəkləri janr, mövzu, üslub və s. baxımından rəngarəngdir. Buraya heca, sərbəst və əruz vəznində yazılan şeirlər, günümüzün bəzi gerçəkliklərini, gənclik dünyasının yaşantılarını, folklor və mifologiyadan qaynaqlanan mənzərələri yansıdan hekayələr, esselər… daxildir.
Qeyd edək ki, DGTYB bundan öncə, 2012-ci ildə “Bölgələrdən səslər”in birinci cildini hazırlamışdı və o ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı. Sözügedən antologiya bir çox gənc imzaların ədəbi ictimaiyyətə tanıdılması, onların ədəbi aləmdə uğurla addımlamasına təkan olub. Bunu nəzərə alaraq, ölkəmizin müxtəlif şəhər və rayonlarında yaşayıb-yaradan gənc imzaların ədəbi ictimaiyyətə tanıdılması üçün “Bölgələrdən Səslər”in ikinci cildi oxucuların mühakiməsinə verilir. 

Oktyabrın 18-də saat 17:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Paytaxtdan bölgələrə….Bölgələrdən paytaxta…” layihəsi çərçivəsində “zirvə tədbiri” adlı musiqili poeziya gecəsi keçiriləcək.

Dünya Gənc Türk Yazarlar Birliyinin gerçəkləşdirəcəyi tədbirdə ölkəmizin müxtəlif bölgələrində yaşayıb-yaradan gənc istedadlı şairlərin ifasında şeirlər səsləndiriləcək. Münsiflər heyəti tərəfindən qiymətləndirilən və öz məzmun yükü, yaradıcı tapıntılarına görə seçilən ən yaxşı şeirlərin müəllifləri fəxri diplom və hədiyyələrlə təltif ediləcək.
Layihənin məqsədi paytaxt mühitindən kənarda—bölgələrdə yaşayıb-yaradan gənc istedadlı yazarları üzə çıxarmaq, yeni imzaları ədəbi mühitə qazandırmaq, bölgə yazarlarının ümumrespublika ədəbi mühitinə inteqrasiyasına yardımçı olmaqdır. Layihə çərçivəsində nəşr edilən “Bölgələrdən səslər 2” toplusu da məhz bu amaldan irəli gəlir.
Qeyd edək ki, “Bölgələrdən səslər” toplusunun birinci hissəsi 2012-ci ildə işıq üzü görüb, ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.