Sosial Fəaliyyətlər Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Osman Nuri Toppaşla görüşüb

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Osman Nuri Toppaşla görüşüb

6

Aprelin 27-də Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  türkiyəli ilahiyyatçı Osman Nuri Toppaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları səmimi salamlayan Dövlət Komitə sədri bildirib ki, Azərbaycanla Türkiyə dost və qardaş ölkədir. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə bir millət iki dövlətdir. Komitə sədri vurğulayıb ki, istər sovet dönəmində, istərsə də müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev hər zaman dinə həssas yanaşıb. 

Ümummilli Lider hakimiyyətə gəldikdən sonra yeni məscidlərin tikintisinə və tarixi-dini abidələrin bərpasına böyük diqqət ayırıb. Bu gün də Prezident cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Ölkəmizdə tarixi məscidlər bərpa olunur, yeni məscidlər inşa olunur. Bu yaxınlarda Qafqazın ən böyük məscidi olan Heydər məscidi istifadəyə verildi və bu bütün Qafqaz müsəlmanları üçün mühüm hadisəyə çevrildi. Azərbaycan dövlətinin din siyasəti təkcə müsəlmanlar üçün deyil. Digər dini konfessiya nümayəndələri üçün də eyni şərait yaradılıb. Ölkəmizdə yeni sinaqoqlar, kilsələr tikilir və bərpa olunur.

Səmimi qəbula görə təşəkkür edən Osman Nuri Toppaş qeyd edib ki, Azərbaycana səfəri zamanı ölkəmizin çox sürətlə inkişafının şahidi olub. İslamın maarifçilik və haqq dini olduğunu vurğulayan Osman Nuri Toppaş bu gün dindən siyasi məqsədlər üçün istifadə edildiyini və bunun çox acı nəticələrə gətirib çıxarığını bildirib. İslamın ədalət, sabitlik və səadət dini olduğunu  dünyaya yenidən anladılmasının vacibliyindən danışıb.