Sosial Fəaliyyətlər Gənclər Təşkilatları Milli Şurasının 20 illik yubileyi qeyd olunub ‎

Gənclər Təşkilatları Milli Şurasının 20 illik yubileyi qeyd olunub ‎

10

Noyabrın 25-də Azərbaycanın ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təsis edilməsinin 20-ci ildönümü münasibətilə qurumun XIII qurultayı keçirilib.

Tədbir çərçivəsində gənclər təşkilatlarının ikinci milli konqresi də təşkil olunub.

Qurultayda dövlət və hökumət rəsmiləri, o cümlədən gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Milli Məclisin deputatları, 200-dən çox gənclər təşkilatının nümayəndələri, beynəlxalq qurumların təmsilçiləri iştirak ediblər. Qurultayda Gəncliyə Yardım Fondunu Fondun Himayəçilər Şurasının sədri Ahmet Tecim və vitse-perizident Salman Əliyev təmsil ediblər.

Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra ARGTMŞ-nin yaradılmasının 20-ci ildönümünə həsr olunan videoçarx nümayiş etdirilib.

ARGTMŞ-nin sədri Şahin Seyidzadə çıxış edərək Şuranın tarixi haqqında məlumat verib. Bildirilib ki, 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunan Şuranın sıralarında hazırda 112 gənclər təşkilatı, o cümlədən on minlərlə gənc birləşir. Şura özündə uşaq və gənclər təşkilatlarını birləşdirən və bu çərçivədə yerli, regional, beynəlxalq səviyyədə fəaliyyət göstərən birlikdir. O, Azərbaycanın dövlət gənclər siyasətinə dəstək verilməsi və gənclər təşkilatları institutunun gücləndirilməsi istiqamətində Şuranın mühüm tədbirlər həyata keçirdiyini vurğulayıb. Qeyd edib ki, Şuranın fəaliyyətində əsas olan dövlətçilik prinsipi bu gün də bu qurum üçün prioritet istiqamətdir. Ş.Seyidzadə ötən 20 ildə ARGTMŞ ilə fəal əməkdaşlıq edən dövlət və hökumət qurumlarına, üzv təşkilatlara minnətdarlığını bildirib.

Gənclər və idman naziri Azad Rəhimov Şuranın XIII qurultayının qurumun 20 illik yubileyinə təsadüf etməsinin əhəmiyyətini vurğulayıb. Nazir deyib ki, Azərbaycan ötən 20 il ərzində tarixin ən şərəfli anlarını yaşayıb. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində sabitlik və inkişaf üçün möhkəm təməllər yaradılıb. Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, dövlətimizin başçısının gənclərə diqqət və qayğısı nəticəsində ölkəmizdə bu sahədə mühüm tədbirlər həyata keçirilir, regionlarda Gənclər evləri, Gənclər Fondu və digər mühüm qurumlar fəaliyyətə başlayıb. Gənclərlə bağlı inkişaf strategiyası və dövlət proqramları qəbul edilib.

Tədbirdə çıxış edən Vüsal Quliyev bildirib ki, Şura gənclər siyasətində bir brendə çevrilib. Ölkəmizdə gənclər təşkilatlarının, QHT-lərin fəaliyyəti üçün hər cür şərait yaradılıb. ARGTMŞ bu illər ərzində təşəbbüskarlığı, davamlılığı ilə xüsusi seçilib. Şuranın timsalında Azərbaycan Avropa Gənclər Forumunda təmsil olunub. Bununla da Şura Azərbaycan gənclərinin Avropaya qoşulmasına töhfə verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bu təşkilatla uğurlu əməkdaşlıqdan danışıb. Bildirib ki, artıq Avropanın gənclər təşkilatları Azərbaycanın dünyada nümunə olan gənclər siyasətindəki təcrübəsini öyrənir və tətbiq edir. Bu, dövlətimizin gənclər siyasətinin qələbəsidir.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov ölkəmizin milli maraqlarının qorunmasında ARGTMŞ-ə üzv olan gənclər təşkilatlarının rolundan söz açıb. O, Azərbaycan gənclərinin hər zaman Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən konqresdə ölkəmizdə bütün gənclər təşkilatlarını bir araya gətirərək onları birləşdirmək, dövlət gənclər siyasəti, habelə gənclər təşkilatlarının potensialının gücləndirilməsi və idarə edilməsinin səmərəli mexanizmlərinin yaradılması ilə bağlı müzakirələr aparılıb.

Sonda ARGTMŞ-ə üzv gənclər təşkilatlarının yığıncağı olub.