İnsani Yardım Şəmkir rayonunda fiziki qüsurlu uşaqlara əlil arabası verildi

Şəmkir rayonunda fiziki qüsurlu uşaqlara əlil arabası verildi

8

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni təqvim ilinin başlanması münasibətilə “Gəncliyə Yardım Fondu” və “Gələcəyə Addım” Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə Şəmkir rayonunda, 10 ədəd fiziki qüsurlu şəxslərə əlil arabası verildi.

Bir insanı sevindirməyin nə qədər dəyərli bir əməl olduğunu hər birimiz çox yaxşı bilirik. Hələ sevindirdiyimiz insanın fiziki qüsurlu olması, özünü kifayət qədər istədiyi kimi idarə edə bilməməsi və onun digər insanlardan daha çox qayğıya ehtiyacı olması işin əhəmiyyətinin daha da böyüklüyündən xəbər verir. Bu ülvi qayəni qarşısına məqsəd qoyan Gəncliyə Yardım Fondu “Dünya azərbaycanlılarının həmrəyliyi günü”  münasibətilə fiziki qüsurlu vətəndaşımıza həyat tərzlərini dahada normallaşdırmaq üçün əlil arabaları ilə təmin etdi. Maddi vəziyyətlərinin pis olması səbəbilə ala bilmədikləri əlil arabalarını  Gəncliyə Yardım Fondu tərəfindən onlara hədiyyə  edilməsi onlar üçün böyük bir sevinc qaynağına çevrilmişdir.

 Bu məqsədlə, Şəmkir rayon Heydər Əliyev mərkəzində baş tutan  “Şəmkir bölgəsində sağlamlıq imkanları məhdud uşaqların icma əsaslı  sosial Reabilitasiya Mərkəzinin  fəaliyyətinin tşəkili” adlı tədbirdə Gəncliyə Yardım Fondunun vitse prezidenti Salman Əliyev bildirib ki, dünyada yaşayan əlillərin dərdlərini, hisslərini bölüşmək hər kəsin vətəndaşlıq borcudur. “Bəzi insanlar fiziki cəhətdən qüsurlu olurlar, bəlkə də bu, Tanrının sınağıdır. Amma əsas olan odur ki, həmin şəxslər ruhi cəhətdən sınmasınlar. Və bunun üçün onlara daimi qayğı və dəstək lazımdır”, – o deyib. Fondun vitse prezidenti vurğulayıb ki, bəzi fiziki qüsurlu insanların həyatda apardığı mübarizə tam sağlam insanların mübarizəsindən qat-qat artıq olur.

70-ə yaxın əlilin iştirak etdiyi tədbirdə çıxış edən, “Gələcəyə Addım” Sosial İnkişaf İctimai Birliyinin sədri Ayla Həsənova əlillərin reabilitasiyası ilə bağlı dövlət siyasəti haqqında danışıb. Bildirilib ki, regionlarda bu cür tədbirlərin keçirilməsində məqsəd fiziki qüsürlu insanlara səyyar qaydada lazımi tibbi yardım göstərməkdir. Tədbirdə həmçinin rayonda əlillərlə bağlı həyata keçirilən çoxsaylı layihələr barədə ətraflı məlumat verilib. Daha sonra fiziki qüsürlu vətəndaşlara, əlil arabaları təqdim edilib. Əlillər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

İnsanları sevmək, onlara qayğı göstərmək, ən azından onların dərdlərinə şərik olmaq, onların timsalında imkansız ailələrə imkanımızın çatdığı qədər yardımların edilməsi ən azından insanlıq və vətəndaşlıq borcumuzdur.