Sosial Fəaliyyətlər Keçmişin İzində Gələcəyə Yürüyən Gənclər Bakıdadır…

Keçmişin İzində Gələcəyə Yürüyən Gənclər Bakıdadır…

5

T.C. Nazirlər Kabineti və Qohum Topluluklar Komitəsinin (YTB) dəstəyi, Türkiyənin  Beynəlxalq Gənc Dərnəyi, Könüllü Gənclər İctimai Birliyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə həyata keçirilən, Keçmişin izində Gələcəyə Yürüyən Gənclik layihəsi çərçivəsində Türkiyə və Azərbaycandan seçilən tələbələr qarşılıqlı olaraq iki ölkəni ziyarət edir. Layihə çərçivəsində, ilk olaraq Türkiyədən seçilən tələbələr Azərbaycana gəlib.

İki ölkənin ortaq mədəni və tarixi irsi haqqında geniş məlumat verilməsi nəzərdə tutulan layihə çərçivəsində ilk olaraq Türkiyədən gələn tələbələr Azərbaycanda ziyarətlərə başlayıblar. Tələbələr, 1918-ci ildə Osmanlı qüvvələri tərəfindən Bakını qurtarmaq məqsədiylə yaradılan Qafqaz İslam Ordusunun izlədiyi yol boyunca ziyarətlərini davam etdirəcəklər. Azərbaycanda bir həftə qalacaq tələbələr Bakı, Gəncə, Şamaxı, Quba, Zaqatala kimi şəhərləri ziyarət edəcək və tarixi məkanlarla tanış olacaqlar.

Layihənin ikinci hissəsi isə Azərbaycandan seçilən tələbələrin Türkiyəyə səfəri ilə reallaşdırılacaq. Novruz bayramı  ərəfəsində baş tutacaq bu səfərdə tələbələr Çanaqqalaya gedəcək və  Çanaqqala Döyüşləri və Azərbaycanlıların döyüş əsnasında fəaliyyətləri haqqında onlara ətraflı məlumat veriləcək. Hər iki ölkəyə reallaşdırılacaq ziyarətlər əsnasında milli və mənəvi dəyərlər haqqında seminarlar təşkil ediləcək. Tələbələr, eyni zamanda iki ölkənin tanınmış elm və fikir adamları ilə görüşəcəklər.

Azərbaycanda ziyarətdə olan tələbələrin ilk görüşü Gəncliyə Yardım Fondunda baş tutub. Fondun fəaliyyətləri haqqında yaxından tanış olan qonaq tələbələr daha sonra Millət vəkili Fazil Mustafa ilə görüşüblər.  Tələbələr eyni zamanda Bakı böyükelçiliyi Din İşləri Müşavirliyinin və TİKA Bakı Koordinatorluğunu ziyarət ediblər.

Qeyd edək ki, qardaş Türkiyədən gələn gənclərin Bakı Şəhər Gənclər və İdman Baş idarəsi, Gənclər Fondu və bir sıra gənclər təşkilatlarında  görüşləri də nəzərdə tutulub.