Keçmişin İzində Gələcəyə Yürüyən Gənclik layihəsi çərçivəsində Türkiyədən Azərbaycana gələn gənclərin Bakıdakı ziyarətləri davam edir.
Layihə iştirakçıları Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar. İştirakçılar həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarlarını ziyarət ediblər.
Türkiyədən gələn gənc tələbələr Quba soyqırım məzarlığını da ziyarət ediblər. Layihə iştirakçıları Quba Soyqırım Memorial Kompleksdə yaradılmış muzeylə də tanış olublar. Qonaqlara 1918-ci ildə ermənilər tərəfindən Azərbaycanda törədilmiş qırğınlar, bu faciənin miqyası və məqsədi, Memorial Kompleks ərazisində aşkar olunmuş kütləvi məzarlıq barədə məlumat verilib.
Eyni zamanda tələbələr bu gün Bakı Şəhər Gənclər İdman Baş İdarəsində olub və İdarənin rəisi Raqif Abbasovla görüşüblər. Görüş əsnasında Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov gənc tələbələrə Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb. Daha sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək rəhbərlik etdiyi idarənin Nərimanov rayonunda yerləşən universitet tələbələri ilə yaxından əməkdaşlıq etdiyini deyib və qonaq tələbələri Nərimanov Rayon Gənclər və İdman İdarəsi ilə əməkdaşlığa dəvət edib. Görüşün sonunda Bakı Şəhər Gənclər İdman Baş İdarəsinin rəhbərliyi tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim edilib.
Günün ikinci yarısında Gənclər Fondunnun qonağı olan tələbələr, fondun rəhbərliyi ilə görüşüb və gənclər sahəsində həyata keçirilən layihələrlə yaxından tanış olublar.
Qeyd edək ki, bu fəaliyyətlər T.C. Nazirlər Kabineti və Qohum Topluluklar Komitəsinin (YTB) dəstəyi, Türkiyənin Beynəlxalq Gənc Dərnəyi, Könüllü Gənclər İctimai Birliyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə həyata keçirilən, Keçmişin İzində Gələcəyə Yürüyən Gənclik layihəsi çərçivəsində həyata keçirilir.