Aprelin 5-də cəbhə xəttində ermənilərin Azərbaycana qarşı təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin, mülki vətəndaşlarımızın xatirəsini anmaq və qəhrəman ordumuza dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenati yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə tədbir keçirilib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.
Gənclər Təşkilatları Milli Şurasının katibi Seymur Orucov şəhidlərin ailələrinə və xalqımıza səbr diləyib, bizim münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu, lakin Ermənistanın öz işğalçı mövqeyindən əl çəkmədiyini vurğulayıb. Bildirilib ki, ermənilər xain niyyətinlərini gerçəkləşdirmək üçün növbəti dəfə təxribata əl atsalar da, qəhrəman ordumuz düşmənin layiqli cavabını verib.
Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondu Himayəçilər Şurasının sədri Ahmet Tecim öz çıxışında Türkiyə dövlətinin hər zaman Azərbaycan xalqının yanında olacağını və bu birlikdəliyin əbədiyyən davam edəcəyini qeyd edib. Natiq eyni zamanda vətənimizin keşiyində duran gənc əsgərlərimizə Gəncliyə Yardım Fondu adından lazımi köməkliklərin göstərilməsinə də hazır olduqlarını qeyd edib.
Daha sonra çıxış edən natiqlər gənclərimizin işğal olunmuş torpaqlarımızı azad etməyə hər an hazır olduqlarını və Ali Baş Komandanın ətrafında sıx birləşdiklərini söyləyib və əsgərlərimizə uğurlar, qalibiyyət arzulayıblar.
Tələbələr təxribatçı düşmənə layiqli cavab verən ordumuzla, əsgərlərimizlə fəxr etdiklərini, Ali Baş Komandan əmr verərsə, könüllü cəbhəyə yollanmaq, düşməni məhv etmək əzmində olduqlarını bildiriblər.