İnsani Yardım Azərbaycandan Afrikaya sevinc sovqatı

Azərbaycandan Afrikaya sevinc sovqatı

1

28 may – 7 iyun tarixlərində Türkiyə və Azərbaycan əməkdaşlığı çərçivəsində TİKA (Türk İşbirliyi və Koordinasiya Agentliyi), “Yeryüzü Doktorları”, “Gəncliyə Yardım Fondu”, “Könüllü Gənclər”, Türkiyə Cümhuriyyətinin Uqandada fəaliyyət göstərən “Səna Fondu”, “Asan Könüllüləri” təşkilatı və “Bakı Türk Anadolu Liseyi” Uqandada bir sıra silsilə xeyriyyə tədbirləri həyata keçiriblər.

Kampaniya çərçivəsində TİKA, Gəncliyə Yardım Fondu və Yeryüzü Doktorları tərəfindən beş gün ərzində İqanqa rayon xəstəxanasında pulsuz göz müayinəsi və lazerli katarakt əməliyyatı keçirilib. Müayinə və əməliyyat üçün lazım olan cihaz və avadanlıq, dava-dərman Türkiyədən gətirilmiş və kampaniya başa çatdıqdan sonra bütün ləvazimatlar yerli xəstəxanaya bağışlanmışdır. 

Ümumilikdə yüzdən çox xəstə müayinə edilmiş, 50-dən artıq əməliyyat keçirilmişdir.  Qeyd edək ki, Uqandada həyata keçirilən göz müayinəsi və əməliyyatı üç mərhələdən ibarətdir və önümüzdəki aylarda bu məqsədlə iki səfər gözlənilir. Azərbaycanlı həkimlərin də yer aldığı əməliyyatlarda eyni zamanda yerli həkimlər də təlim məqsədi ilə iştirak etdilər.

07.06.2016 tarixində isə paytaxt Kampaladan 70 km. aralıda yerləşən Piçi bölgəsinə bağlı Luka kəndində su quyusunun açılışı gerçəkləşdi. Quyu 500 şagirdin oxuduğu Sanca kənd məktəbinin həyətində açılaraq bütün sakinlərin ixtiyarına verilmişdir. Xatırladaq ki, daha əvvəl həmin kənddə sadəcə iki su quyusu vardı ki, onlardan da biri yararsız halda idi. Bütün kənd sakinlərinin su tələbatı məhz həmin quyudan və yağış sularından təmin olunurdu. Məktəblə quyu arasında 3 kilometrə yaxın məsafənin olduğunu nəzərə alsaq hər gün azyaşlı uşaqların çəkdiyi əziyyəti daha aydın görmək mümkündür. Su quyusunun bu qədər əhəmiyyətli olması səbəbi ilə bir çox kənd sakini, hətta digər məktəbin şagirdləri də açılışa axışmışdılar. Açılışda “Könüllü Gənclər” adından söz alan Nurlan Məmmədzadə insanlıq adına atılan belə bir təşəbbüsün vacibliyindən danışdı. Yoxsulluqdan əziyyət çəkən insanların üzündəki sevincin nə qədər həyəcanlı olduğunu dilə gətirərək Azərbaycan-Türkiyə əməkdaşlığı çərçivəsində bu kimi tədbirlərin davamlı olacağını vuğuladı. “Asan Könüllüləri” adından çıxış edən təşkilatın sədri Bəxtiyar İslamov da uşaqların üzündəki sevinc ifadəsinin dünyada hər şeyə bərabər olduğunu qeyd etdi.