İnsani Yardım Qardaşlıq Paylaşmaqdır Sevinci və Kədəri

Qardaşlıq Paylaşmaqdır Sevinci və Kədəri

11

Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin Bakı Koordinatorluğu (TİKA) və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyi ilə iyulun 20-də İsmayıllı rayonunda əlil arabalarına ehtiyacı olan vətəndaşlara 24 əlil arabası təqdim edilib. Əlil arabalarının 13-i İsmayıllı, 11-i isə Qəbələ rayonunun vətəndaşlarına təqdim olunub.

Bu münasibətlə İsmayıllı rayonunda keçirilən tədbiri Ailə Qadın və Uşaq Problemləri Komitəsinin İsmayıllı şöbəsinin müdiri Lətifə xanım Əliyeva açaraq, tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil xanın Əhmədova İsmayıllı rayonunda yaşayan əlilliyi olan insanların sosial şəraitləri və onlara göstərilən dövlət qayğısından danışıb. Natiq rayonda yaşayan və əlil arabalarına ehtiyacı olan insanların problemlərinin həllinə göstərdiyi köməyə görə Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin Bakı Koordinatorluğuna (TİKA) və Gəncliyə Yardım Fondunun rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirdə Gəncliyə Yardım Fondu Himayəçilər Şurasının sədri Ahmet Tecim çıxış edərək son günlərdə Türkiyədə baş verən, şər güclərin də dəstəyi ilə əsgər qiyafəsinə girmiş üsyançı dəstənin dövlət çevrilişinə cəhd hadisələrini pisləyib. O öz çıxışında bu hadisələr zamanı Türkiyə Cümhuriyyətinin Prezidenti Hörmətli Rəcəb Tayyib Ərdoğanın dirayəti, təhlükəsizlik əməkdaşlarının cəsarəti, güclü Türk Silahlı Qüvvlərinin qəhrəman əsgərləri və Türk millətinin ortaya qoyduğu yenilməz əzmindən və şücaətindən danışıb, vətənin istiqrarı uğrunda şəhid olanlara Allahdan rəhmət diləyib. O qeyd edib ki, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının son hadisələri Türkiyənin dövlətçiliyinə, digər tərəfdən Türk xalqına, onun iradəsinə və seçiminə qarşı törədilən dəhşətli cinayət adlandırması və Türkiyə hökumətinə öz dəstəyini bildirməsi iki dövlət arasında olan  qardaşlığın ən böyük təcəssümüdür. Natiq öz çıxışında əliliyi olan insanlara dövlət qayğısına diqqət çəkib və bu sahədə görülən işlərdən danışıb.

Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin Bakı şəhəri üzrə proqram koordinatoru Mustafa Haşim Polat görülən xeyriyyə işlərinin əhəmiyyətindən və iki dövlət arasındakı dostluq və qardaşlıq əlaqələrindən danışıb.

Sonra əlillərə arabalar təqdim olunub. Əlil arabası alan insanlar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, həmçinin tədbirin təşkilatçılarına minnətdarlığını bildiriblər.

Əlil arabası alan insanlar arasında aprel döyüşlərində vətən uğrunda bir ayağını tamamən və digər ayağının da hərəkət qabiliyyətini itirmiş Anar Hacıyevin çıxışı tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Tədbirin sonunda Günəş İstirahət Mərkəzində əlil arabası alan vətəndaşlara yemək süfrəsi açılıb.