İnsani Yardım GYF Şəhid Ailələrinə Bayram Sevinci Yaşatdı

GYF Şəhid Ailələrinə Bayram Sevinci Yaşatdı

8

Məlum olduğu kimi Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xüsusi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə də öz fəaliyyətlərini davam etdirib.

Belə ki, Gəncliyə Yardım Fondu qurban kəsmək və paylamaq fəaliyyətinə 1994-cü ildən başlayıb. Fond o zamandan etibarən də hər il qurban bayramında qurban kəsimlərini həyata keçirərək onları ehtiyac sahiblərinə paylayır. 2016-cı ildə fond xüsusilə Türkiyənin Əziz Mahmud Hüdayi vəqfinin maddi köməyi ilə bu fəaliyyətlərini həyata keçirib.

GYF–nun kəsdiyi qurbanların böyük bir hissəsi (təxminən yarısından çoxu) bir başa qaçqın şəhərciklərinə, qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və daha çox ehtiyac sahiblərinə göndərilir.

 Bu il də kəsilən 10 ton qurban ətinin bir hissəsi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin göstərişi ilə qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə və aztəminatlı ailələrə paylanıb. O cümlədən ümumilikdə 4000 ailə bayram sevincini Gəncliyə Yardım Fondu ilə yaşayıb. Fondun mərkəzində də qurban paylarının bir qismi əvvəlcədən müəyyənləşdirilən kasıb ailələrə paylanıb. Qeyd edək ki, Gəncliyə Yardım Fondu bu paylama işini Azərbaycan Respublikasi Nazirlər Kabineti, Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsi, İcra hakimiyyətlərindən bir nümayəndə ilə birgə həyata keçirir. Əvvəlcədən verilən talonlar ehtiyac sahiblərinə təqdim edilir və qurban bayramı günü də ətlər paylanılır.

Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının Sədri Ahmet Tecim qeyd edib ki, “Bayram sadəcə əti deyil, ürəkləri də paylaşmaqdır. Türkiyədən gələn qurban hissələriylə buradakı qardaşlarımıza ətdən çox bir könül çatdırmış oluruq.” A.Tecim eyni zamanda onu da bildirib ki, bu il Qurban Bayramında Aprel döyüşlərində vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin də bir qisminin ailələri ziyarət edilmiş və bayram sovqatları fondun əməkdaşları tərəfindən bir başa ünvanlarına çatdırılmışdır.

Fondun hər il həyata keçirdiyi bu xeyriyyə fəaliyyəti eyni zamanda cəmiyyətimizdə fərdlər arasındakı paylaşma ruhunun daha da artmasına və digər təşkilatların da bu cür xeyriyyə aksiyalarına qoşulmalarına vəsilə olur. Gəncliyə Yardım Fondu bundan sonrakı fəaliyyətlərini də Azərbaycan xalqının mənafeyi naminə həyata keçirməyə davam edəcəkdir.

Qeyd edək ki, qurbanlıq heyvanlar gigiyenik cəhətdən təmiz  məkanlarda, baytar nəzarəti altında və dini qaydalara uyğun olaraq kəsilir.

Mətbuat Şöbəsi