“ADA” Universitetinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə ölkəmizin müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı Azərbaycan-Türkiyə gənclər forumu keçirilib.
Forumu açan Xarici İşlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, tədbirin məqsədi 25 il ərzində sürətlə inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinə, mühüm tarixi hadisələrə nəzər salmaq, ölkələrimizin strateji tərəfdaşlığını daha da gücləndirmək, yeni imkanlardan istifadə etmək və ümumi çağırışlara cavab yollarını birgə araşdırmaqdan ibarətdir. Hafiz Paşayev ölkəmizin müstəqilliyinin ilk illərində Türkiyənin Azərbaycana diplomatik dəstəyinə də diqqət çəkib.
25 illik tarixi mərhələdə yetişən gənc nəslin uğurla qət edilən müstəqillik yolunun bəhrəsini gördüklərini deyən “ADA” Universitetinin rektoru onu da vurğulayıb ki, rəhbərlik etdiyi ali təhsil ocağı öz növbəsində gənclərin daha keyfiyyətli təhsil almaları, müxtəlif ixtisasların sirlərinə dərindən yiyələnmələri və ölkəmizin parlaq gələcəyi naminə uğurla fəaliyyət göstərmələri üçün səylə çalışır. Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun isə 25 ildə ölkəmizin əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.
Forumda Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev və ictimai əlaqələr şöbəsinin müdiri Eldar Kərimov da iştirak edib. E. Kərimov forumun birinci oturumunda çıxış edərək Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsində və iki dövlət arasındakı tarixi qardaşlıq əlaqələrinin qorunması və təbliğində öz töhfəsini verən Gəncliyə Yardım Fondunun həyata keçirdiyi layihələrdən danışıb.
Eyni zamanda forumda hər iki ölkənin müxtəlif universitetlərinin və qeyri-hökümət təşkilatlarının nümayəndələri də iştirak edib.