İnsani Yardım Onların Həyatında Yeni Qapı Açıldı

Onların Həyatında Yeni Qapı Açıldı

3

Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin Bakı Koordinatorluğu (TİKA), Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu və Pənah Əlillər Cəmiyyətinin dəstəyi ilə Ağdaş şəhərində 30 nəfərə əlil arabası təqdim olundu.

Tədbiri giriş sözü ilə açan Ağdaş şəhər İcra Hakimiyyətinin Humanitar və İctimai əlaqələr şöbəsinin əməkdaşı Qalib Həsənov Azərbaycanda əlillərə verilən diqqət və qayğıdan söz açdı. Tədbirin mahiyyətindən danışan Qalib Həsənov Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin Bakı Koordinatorluğuna (TİKA)-ya, Azərbaycan Respublikası Gəncliyə Yardım Fonduna və Pənah Əlillər Cəmiyyətinə Ağdaş Şəhər İcra Hakimiyyəti və Ağdaş sakinləri adından dərin təşəkkürünü bildirdi.

Sonra çıxış üçün söz Pənah Əlillər Cəmiyyətinin sədri Gülbəniz Bayramovaya verildi. Tədbirdə çıxış edən Gülbəniz Bayramova Cənab Prezidentimizin əlillərə göstərdiyi diqqət və qayğısından danışaraq öz təşəkkürlərini bildirdi. Belə xeyriyyə tədbirlərinin tez-tez və başqa regionlarda da olduğunu xüsusi olaraq qeyd etdi.

Tədbirdə iştirak edən Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının Sədri Ahmet Tecim çıxış edərək Azərbaycanın inkişafından və xeyriyyəçilikdən danışdı. Əsrlər boyu davam edən xeyriyyəçilikdən danışaraq Hacı Zeynalabdin Tağıyevin buna bariz bir nümunə olduğunu qeyd etdi. “Yaradandan ötrü, yaradılana şəfqət” prinsipini qeyd edən natiq bu sahədə gördüyü xeyriyyə işlərinə görə Heydər Əliyev Fonduna da öz xüsusi təşəkkürünü bildirdi. Gəncliyə Yardım Fondunun xeyriyyə tarixindən danışan Ahmet Tecim bir gün bu kimi xeyriyyə tədirlərinin Qarabağ torpaqlarında da keçiriləcəyindən şübhəsi olmadığını qeyd etdi.

 Sonda əlil arabalarının təqdim olunmasına başlanıldı və Ağdaş şəhərindən 18, Göyçay şəhərindən 6, Yevlax şəhərindən 5, Mingəçevir şəhərindən 1, ümumilikdə isə  30 əlilə əlil  arabası təqdim edildi. Tədbir iştirakçıları  təşkilatçılara xüsusi diqqət və qayğıya görə öz təşəkkürlərini bildirdilər.