02.11.2016-cı il tarixində aprel döyüşlərinə və həmin vaxt həlak olan əsgərlərin xatirəsinə həsr olunmuş “Çağır məni” klipinin və qısametrajlı filminin təqdimatı olub. Həm filmin, həm də klipin rejissoru Elmar Məmmədovdur. Ssenari müəllifi isə Pəyyam Rafiqdir. Hər iki ekran işində SevincTofiqqızı, Aslan Hüseynov, aktyor Mehman Məmmədov, Mehdi Abdullayev rol alıb.
Tədbirdə ilk olaraq himnimiz səsləndirilib və 1 dəqiqəlik sükutla şəhidlərimizin ruhu yad edilib. Mərasimdə Qarabağ müharibəsinin canlı şahidi olmuş müharibə veteranları və qazilər də iştirak ediblər.
Əlil Sahibkarlar Təşkilatı Birliyinin sədri Mirzə Məmməd Vəliyevin təşkilatçılığı və aparıcılığı ilə keçirilən mərasimdə hər iki ekran işi nümayiş olunub. Tədbirdə millət vəkili Hadı Rəcəbli, “Konstitutsiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının nümayəndəsi Gülsəba Əskərova və başqaları çıxış edərək, ekran işiylə bağlı fikirlərini bölüşüblər.
Bu yaradıcılığın ərsəyə gəlməsi aprel döyüşlərinə və həmin vaxt həlak olan əsgərlərin xatirəsinə həsr edilib. Sonda filmdə əziyyəti keçənlərə diplomlar paylanılıb.