Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi təşkilatçılığı ilə “9 noyabr- Azərbaycan Dövlət Bayrağı günü” münasibətilə konfrans və “ Mənim bayrağım” mövzusunda keçirilən inşa yazı və şeir müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Bakı Şəhər Gənclər Baş İdarəsinin rəisi Rafiq Abbasov qurulan şəraitə görə Prezident Administrasiyasına və Gəncliyə Yardım Fondu rəhbərliyinə öz minnətdarlığını bildirib. Tədbirin gedişatından söz açan natiq bu kimi tədbirlərin Azərbaycan gəncliyinə çox böyük faydası olduğunu qeyd edib.
Tədbirə ev sahibliyi edən Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim bayraq günü münasibətilə Azərbaycan xalqını təbrik edib və Azərbaycan-Türkiyə qardaşlığının davamlı və əzəli olduğuna xüsusi diqqət çəkib. Bu kimi tədbirlərin vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsinə böyük töfhələri olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Millət Vəkili Qənirə Paşayeva Azərbaycan Respublikasının çoxəsirlilik tarixindən danışaraq Azərbaycan gəncliyinin milli ruhda yetişməsinin əhəmiyyətindən danışıb. Bayraq, vətən, millət sevgisinin hər zaman qəlbimizdə olduğunu xüsusi olaraq qeyd edib və gənclərimizə göstərilən xüsusi dövlət qayğısından danışıb.
Son olaraq çıxış edən tanınmış bəstəkar Sevinc Tofiqqızı bu kimi tədbirlərin təşkilatşılarına öz xüsusi təşəkkürünü bildirib. Dövlətin dəstəyi və qayğısının hər zaman gənclərimizn üzərində olduğunu qeyd edib.
Tədbirin keçirilməsində məqsəd Azərbaycan Dövlət Bayrağı gününün geniş qeyd edilməsi, Azərbaycan xalqının çoxəsirlilik və dövlətçilik ənənələrini davam etdirilməsinə nail olmaq, istedadlı şagirdlərin şeir və inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılmasından ibarətdir.
Sonda inşa yazı və şeir müsabiqələrində qalib və fərqlənmiş şagirdlər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondu tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və pul mükafatları ilə mükafatlandırılıb.