21 Dekabr 2016-cı il tarixində, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İKT Mərkəzinin istehsalı olan “İrəvan: gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimat mərasimi olub. Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Gənclər və İdman Naziri Azad Rəhimov, millət vəkilləri və Gəncliyə Yardım Fondunun nümayəndələri iştirak edib.
Sənədli film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi və AMEA-nın Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində hazırlanıb. Tədbirdə çıxış edən Gənclər və İdman Naziri Azad Rəhimov bildirib ki, Tarix İnstitutu ilə birgə hazırlanan film arxiv materialları, elmi-tədqiqat və araşdırmaların üzərində qurulub.
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, qədim İrəvanın tarixi ilə bağlı məlumatlar daha təkmil açıqçalar formasında çap olunmalı, bukletləşdirilməli və turistik məkanlarda istifadə olunmalıdır.
Filmin əsas məqsədi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, gənclərə vətənpərvərlik ruhunu aşılamaqdır. Diqqətə çatdırılıb ki, dünya birliyi işğal olunmuş Azərbaycan ərazilərində mədəni-tarixi abidələrin dağıdılmasının qarşısının alınmasına çalışmalıdır.