Gəncliyə Yardım Fondunun Mərkəz binasında fəaliyyət göstərən GYF Dil Kurslarının sinif otaqları Türk İşbirliyi və Kordinasya Agentliyi Nazirliyinin (TİKA) dəstəyi ilə müasir dizayna uyğun olaraq təmir edilib və ən müasir texnoloji qurğularla təchiz edilərək kurslardan istifadə edən tələbələrin istifadəsinə verilib. Binanın təmirdən sonrakı açılış mərasimində TİKA Orta Asiya və Qafqaz Bölgəsinin Başqanı Ali Özgün Öztürk, TİKA Bakı Koordinatoru Adem Urfa, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Türkiyə mətbuatının əməkdaşları, dövlət və qeyri-hökümət nümayəndələri iştirak edib. Qonaqlar sinif otaqlarında yaradılmış imkanlar və müasir qurğularla yaxından tanış olub. Kurs rəhbərliyi tərəfindən qonaqlara kursda keçirilən dərslər, tələbələrin sayı və istifadə olunan tədris vəsaitləri haqqında geniş məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimov və Türkiyə Cümhuriyyətində 15 iyul dövlət çevrilişinə cəhd hadisələrində qəhrəmancasına şəhid olmuş Ömer Halis Demirin adının əbədiləşdirilməsi və gənclərə vətənpərvərlik ruhunun aşılanması məqsədi ilə təmir olunmuş iki sinif otağına şəhidlərimizin adı verilmişdir. Təşkilatçıların bu təşəbbüsü qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Daha sonra qonaqlar fondun digər şöbələri ilə yaxından tanış olub və TİKA Bakı Koordinatorluğunun təşkilatçılığı ilə açılan iftar süfrəsində iştirak ediblər. İftar süfrəsində Azərbaycanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı və türk tələbələr iştirak edib. Tələbələrin qarşısında çıxış edən Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim gənclərin qarşısında duran ən əsas vəzifələrindən birini xatırladaraq, onların gələcəkdə Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və mədəni əlaqələrin gücləndirilməsində müstəsna rol oynayacaq bir mədəniyyət körpüsü olacaqlarına inandığını bildirib.
Daha sonra TİKA Orta Asiya və Qafqaz Bölgəsinin Başqanı Ali Özgün Öztürk və Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək fondun fəaliyyətinə uğurlar arzulayıb və gənclərə öz tövsiyələrini veriblər.