Beynəlxalq Dialoq və İnkişaf Alyansının təşkilatçılığı ilə Bakıda “Türkiyədə hərbi çevrilişə cəhd və beynəlxalq münasibətlər” mövzusunda tədbir keçirilib. Tədbirdə dövlət və hökümət nümayəndələri, beynəlxalq təşkilatların sədrləri, millət vəkilləri və Gəncliyə Yardım Fondunun əməkdaşları da iştirak edib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdi ölkəsinin tarixindəki ən qanlı terror aktı kimi qiymətləndirib.
Səfir bildirib ki, Fətullah Gülənin müridləri 15 iyulda günahsız insanlara qarşı öldürücü silahlardan istifadə ediblər: “Nəticədə 250 vətəndaşımız şəhid oldu, 2000-dən çox vətəndaşımız yaralandı. Fətullah Gülənin Türkiyə ordusuna nüfuz edən müridləri Milli İstihbarat Təşkilatı, Türkiyə Böyük Millət Məclisinin binalarını bombalamaqdan çəkinmədilər, Türkiyə prezidentinə qarşı sui-qəsdə cəhd göstərdilər. 15 iyul Türkiyə demokratiyası üçün böyük imtahan idi. Türk milləti olaraq bu imtahandan üzü ağ çıxdığımız üçün qürur duyuruq. Türkiyədə partiya mənsubiyyətindən asılı olmayaraq hamı demokratiya naminə birləşdi. Türk xalqı böyük bir dastan yazıb, öz gələcəyinə sahib çıxdı”.
Fətullahçı Terror Təşkilatının (FETÖ) riyakarlıq, gizlilik üzərində qurulmuş yeni bir terror təşkilatı olduğunu qeyd edən E. Özoral dövlət çevrilişinə cəhddən sonra Türkiyə dövlətinə verdiyi dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycan xalqına təşəkkürünü ifadə edib.
Millət vəkili Elman Nəsirov isə qeyd edib ki, 15 iyulda çevrilişə cəhd edənlər Türkiyənin inkişafını istəməyən qüvvələr olub. E. Nəsirov əlavə edib ki, türk xalqı öz prezidentinin ətrafında sıx birləşib mənfur qüvvələrin öz niyyətlərinə çatmasına imkan verməyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə bildirib ki, 15 iyul şanlı bir tarixdir: “Din şəriətdir, din mənəviyyatdır. Lakin din əsla siyasətə alət olmamalıdır. Türk milləti göstərdi ki, hakimiyyəti xalq seçir”.
Tədbir çıxışlarla davam etdirilib.