Akademik Milli Dram Teatrında 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunmuş “15 iyul dastanı” adlı anım gecəsi keçirilib.
Tədbirdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, dövlət nümayəndələri, millət vəkilləri? Gəncliyə Yardım Fondunun kollektivi və başqa şəxslər iştirak edib.
Azərbaycan və Türkiyədə vətənin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Daha sonra ötən ilin 15 iyul tarixində baş verənlər haqda çəkilmiş qısametrajlı film nümayiş olunub, şəhidlərin ruhuna “Qurani Kərim”dən ayələr oxunub.
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov Azərbaycan prezidenti İlham Əliyevin bu gün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubu səsləndirib.
Ə. Həsənov bildirib ki, kim də bilməsə, Azərbaycan xalqı bu hadisələrin nə olduğunu yaxşı bilir: “Çünki biz özümüz də 1993-cü ildə belə hadisələrin şahidi olmuşuq. 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında dövlət çevrilişinə cəhdlər oldu. Hər iki halda Azərbaycanda da xain qüvvələr şəxsi ambisiyalarını xalqın iradəsindən üstün tutaraq dövlətə, dövlətçiliyə əl qaldırdılar, silah işlətdilər, Azərbaycanda qanuni hakimiyyəti devirməyə cəhd etdilər. Ancaq onların nəyə nail olduqlarını burada oturanlar çox yaxşı bilir. Həm Azərbaycanın yaşadığı olaylar, həm də Türkiyədə 1 il əvvəl yaşanan hadisələr əsas bir həqiqəti ortaya çıxardı ki, bu həqiqəti də siyasətlə məşğul olan və hakimiyyət iddiası ilə yaşayan insan bilməlidir: Heç kim xalqın iradəsinə qalib gələ bilməz. Xalqın iradəsi ilə formalaşmış istənilən hakimiyyət ölkədəki bütün iradələrin üstündə durur və ona qalib gəlmək hələ indiyədək heç kimə müyəssər olmayıb, yəqin ki, bundan sonra da olmayacaq”.
Ə. Həsənov qeyd edib ki, Türkiyədə də xain qüvvələr xalqın iradəsinə qalib gələ bilməyiblər: “Sonda ayağa qalxan xalq öz canını qurban verərək bu çevrilişin qarşını aldı. Daha bir dərs ondan ibarət oldu ki, insanların həyatı ilə oynamaq, insanların həyatı üzərində özünün siyasi, subyektiv maraqlarını qorumaq cəhdi iflasa uğramalıdır və uğradı. Türkiyədə 250 nəfərin ölümünə səbəb olan insanlar bu gün cəzalarını alırlar. Hər bir dövlətin gücü, onun sabitliyinin təməli ilk növbədə xalqın iradəsinə söykənirsə, ikinci tərəfdən, bu iradəni daşıyan hakimiyyətin ölkədə qanunçuluğu yüksək tutumasını, günahı olanların mütləq şəkildə cəzalandırılmasını və günahsız insanların cəzalardan xilas olunmasını ehtiva edir.
Ötən bir il ərzində Türkiyədə prezident Rəcəb Tayyip Ərdoğanın gördüyü tədbirlər artıq öz bəhrəsini verir. Bu gün Türkiyədə sözün həqiqi mənasında dövlətçilik möhkəmlənir, daxildə milli barış, milli həmrəylik getdikcə güclənir və bu milli barış, milli həmrəylik üzərində qurulmuş Türkiyə hökuməti həm Türkiyənin özündə, həm bizim bölgəmizdə, həm də dünyada ciddi güc faktoruna çevrilir. Hər kəs bilir ki, 15 iyulda – o müdhiş gecədə Azərbaycanda demək olar heç kim səhərə qədər yatmadı. Azərbaycan prezidentinin köməkçisi kimi mən şahidəm ki, səhərə qədər cənab prezident İlham Əliyev o gecənin, belə deyək, ciddi sarsıntılarını yaşadı və səhərə qədər hadisələrin necə cərəyan edəcəyini, Azərbaycanın Türkiyənin qanuni seçilmiş, konstitusiya quruluşunu təmsil edən hakimiyyətinə necə yardım edəcəyini fikirləşdi, düşündü və müvafiq tapşırıqlarını verib, nə mümkündürsə onu həyata keçirtdi. Azərbaycan dövləti birinci olaraq bu məsələyə münasibətini bildirdi və birmənalı şəkildə Türkiyənin konstitusion rejimini, Türkiyə hakimiyyətini dəstəklədi. Bu hakimiyyətə qarşı xain çevriliş cəhdlərini birmənalı olaraq pislədi, hadisələrin siyasi qiymətini verdi. O qiymət cənab prezidentin bugünkü müraciətində iki dəfə keçir. Ötən müddət ərzində də Azərbaycan dövlət olaraq Türkiyədə ictimai-siyasi sabitliyin bərpa olunması, sağlam qüvvələrin bu xain cəhdlərin axırına çıxması, bu cəhdləri edənlərin cəzalarını alması istiqamətində Türkiyə hökumətinin tələb etdiyi və Türkiyə hökumətinə tələb olunan bütün dəstəyi verib, bütün lazımi yardımları göstərib, bundan sonra da göstərməyə davam edəcək. Çünki bizim ulu öndərlərimiz – böyük Atatürkün dediyi kimi bizim sevincimiz də, kədərimiz də birdir. Ümummilli lider Heydər Əliyev “Bir millət, iki dövlət” sloqanını irəli sürməklə, bu xalqların taleyinin bir olduğunu, bundan sonra da bir olacağını birmənalı olaraq bəyan edib. Onların bəyan etdikləri bu yol, onların müəyyən etdikləri bu birlik əbədidir, daimi yaşayır, bundan sonra da yaşayacaq. Bu gün Türkiyə prezidenti cənab Ərdoğan və Azərbaycan prezidenti cənab İlham Əliyevin dostluğu bizim xalqlarımızın dostluğu üçün gözəl nümunədir. Türkiyə xalqı ilə Azərbaycan xalqının birliy, həmrəyliy və qardaşlığı digər türk-müsəlman xalqları üçün bir nümunədir”.
Daha sonra Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubu Azərbaycan prezidentinin köməkçisi Ə. Həsənov Türkiyə səfiri Erkan Özorala təqdim edib.
Türkiyə səfiri E. Özoral Türkiyəyə verdiyi dəstəyə Azərbaycana təşəkkürünü bildirib. Səfir qeyd edib ki, Azərbaycan dövləti FETÖ-ya qarşı mübarizədə Türkiyəyə daim dəstək verib: “Oxşar hadisələr 1994-1995-ci illərdə Azərbaycanda da baş verib. Həmin vaxt Azərbaycanın ümummilli lideri Heydər Əliyev xalqa çağırış etdi. Belə hadisələr zamanı əsl liderlər meydana çıxır”.
Tədbirdə Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili, akademik Əhliman Əmiraslanov, millət vəkili Hikmət Babaoğlu və digərləri ötən il baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı fikirlərini bölüşüblər.