Sosial Fəaliyyətlər İstanbulda “İslam həmrəyliyi Türkiyə-Azərbaycan Dostluğu ‎Timsalında” Mövzusunda Beynəlxalq Konfrans Keçirilib

İstanbulda “İslam həmrəyliyi Türkiyə-Azərbaycan Dostluğu ‎Timsalında” Mövzusunda Beynəlxalq Konfrans Keçirilib

12

Sentyabrın 25-də İstanbul şəhərində “İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan və Monteneqrodan görkəmli ilahiyyatçı alimlər və rəsmi şəxslər İslam həmrəyliyi mövzusunda müzakirələrdə iştirak ediblər.

Konfrans Türkiyə Diyanət İşləri Başqanlığı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İslam Əməkdaşlıq Təşkilatının İslam Tarix, İncəsənət və Mədəniyyət Tədqiqatları Mərkəzi (IRCICA) və Mərmərə Universiteti tərəfindən birgə təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən elan edilmiş “İslam Həmrəyliyi İli” çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada, İranda keçirilmiş beynəlxalq tədbirlərdən sonra İstanbulda təşkil olunan konfransda ölkəmizi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, elm və din xadimlərindən ibarət geniş nümayəndə heyəti təmsil edib.

Azərbaycanda dini etiqad azadlığının yüksək səviyyədə qorunduğunu bildirən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, hazırda yaşanan böhranlara baxmayaraq, dünyamızı məhvərindən çıxmağa qoymayan əbədi mənəvi dəyərlər mövcuddur. Fərəhli haldır ki, Azərbaycan ümumbəşəri önəm kəsb edən ideyaların bütün dünya ictimaiyyətinə xitabən ucaldığı ənənəvi məkan statusunu qorumağa davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi istər “Multikulturalizm İli”, istərsə də “İslam Həmrəyliyi İli” ümumi, bəşəri məramlara xidmət edir. Bu, Azərbaycan dövlətinin dünyada gedən proseslərə dəyərli töhfəsidir.

Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətləri, həmçinin dövlət başçılarının İslam həmrəyliyinə nail olmaq üçün göstərdikləri birgə səylər, eləcə də onların İstanbulda keçirilən “İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransa dəstək vermələri yüksək qiymətləndirilib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfrans çərçivəsində Baş nazirin müavini Bəkir Bozdağ və Diyanət İşləri başqanı Ali Erbaş ilə ayrı-ayrılıqda görüşlər keçiriblər. Görüşlərdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri yüksək qiymətləndirilib. Tərəflər əminliklə qeyd ediblər ki, dövlət başçılarımızın möhkəm siyasi iradələri və qardaşlıq münasibətləri əsasında Azərbaycan və Türkiyə daha böyük nailiyyətlər əldə edəcək.

Konfrans kommunikenin qəbul edilməsi ilə başa çatıb.