Bu gün Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında 20 yanvar şəhid ailələri ilə görüş keçirilib. Tədbirdə iştirak edən rəsmilər əvvəlcə 20 Yanvar hadisələrinə işıq tutan rəsm sərgisi ilə tanış olublar. Tədbir vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edilərək və iki qardaş dövlətin himn və istiqlal marşlarının səsləndirilməsi ilə açıq elan edilib.
Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim 20 Yanvarın təkcə hüzn günü deyil, həm də şərəf günü olduğunu vurğulayaraq bu şərəfi yaşayan şəhidlərə rəhmət, ailələrinə səbr diləyib.
Daha sonar çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu günümüzü, gələcəyimizi şəhidlərə borclu olduğumuzu vurğulayıb və 20 yanvar faciəsinin içimizdəki müstəqillik düşüncəsini alovlandırdığını deyib.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov isə çıxışında bu günədək 20 Yanvar cinayətini törədənlərin beynəlxalq məhkəmə tərəfindən cəzalandırılmadığına görə təəssüfləndiyini bildirib.
Millət Vəkili Qənirə Paşayevə çıxış edərək 20 Yanvar hadisələrinin gənclər arasında daha dərindən öyrənilməsi baxımından önəmini vurğulayıb, gənclərin 20 Yanvar faciəsinin dünyaya tanıdılması istiqamətində daha səylə çalışmalı olduqlarını deyib.
Tədbirin çıxış edən Millət Vəkili Musa Qasımlı da 20 Yanvar hadisələrinin Azərbaycan tarixində qəhrəmanlıq salnaməsi olduğunu bildirib.
20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə həmin gecə vətənimizin müstəqilliyi uğurunda həyatlarını qurban verən vətən övladlarının valideyinlərinə belə övladlar yetişdirdiyi üçün təşəkkürünü bildirib.
Tədbirin sonunda çıxış edən 20 Yanvar Fondunun sədri şəhid ailəsi Maral Zamanova da qanlı yanvar günlərinin şahidlərindən olduğunu vurğulayaraq, o günlərin ağrısını və acısını indi də yaşadığını qeyd edib.
Ənənəyə sadiq qalaraq bu il də Gəncliyə Yardım Fondu əvvəlcədən “20 Yanvar Fondu” tərəfindən təqdim olunmuş siyahılara əsasən 180 şəhid və əlil ailəsinə ərzaq-qida yardımı paylayıb.