Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyanın Afrin bölgəsində qazandığı əzmkar qələbə münasibəti ilə Bakıda Türkiyə səfirliyinin qarşısında aksiya keçirilib.
“Qardaşlığımız Əbədidir” platformunun təşkilatçılığı ilə baş tutan aksiyada platformanın üzvü olan təşkilatlar, Qarabağ qaziləri, şəhid valideynlərindən ibarət izdiham iştirak edib.
İştirakçılar səfirliyin qarşısına “Qarabağ-Afrin-Türkiyə” şüarını səsləndirərək gəliblər. Aksiyada ilk olaraq çıxış edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, Azərbaycan hər zaman Türkiyənin yanındadır:
“İnşallah bu bayraqlar Xankəndində, Şuşada və eləcə də dünyanın bir çox yerlərində dalğalanacaq. 21-ci əsr türkün əsridir. Türk mehmetcikləri göstərdi ki, ədalətli müharibə necə olur. Onlar sübut etdilər ki, necə savaş aparmaq olar. Bir nəfər də olsa mülki əhalinin burnu qanamadan o boyda ərazi qısa zaman kəsiyində azad edildi. Buranı Əfqanıstana, Veytnama bənzədirdilər, ancaq nəticəni görüb, məyus oldular. Türk ordusu qəhrəmanlığın nümunəsidir. Eşq olsun Türkiyəyə”.
Daha sonra Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özoral da iştirakçılar qarşısına çıxıb, onlara dəstək aksiyalarına görə öz təşəkkürünü bildirib:
“Hər biriniz xoş gəlmisiniz. İnşallah, türkün düşməni Afrində cavabını aldığı kimi bundan sonra da hər yerdə almağa davam edəcək. Çünki biz bilirik ki, Allah doğruların yanındadır. Türkiyənin tutduğu yol da doğru yoldur. Türkiyə ancaq özünü müdafiə etmək istəyir. Buna görə də biz hər zaman müzəffər olacağıq. Allah əsgərimizə, ordumuza qüvvət versin və bizi –Türkiyə və Azərbaycanı hər zaman bir yerdə tutsun. Çünki bizim gücümüz sizin gücünüz, sizin gücünüz isə bizim gücümüzdür. Birlikdə daha qüvvətli olacağıq, daha da irəlilərə gedəcəyik. Hər biriniz çox sağ olun”.
Daha sonra çıxış edən Dünya Gənc Türk Yazarlar birliyinin sədri Əkbər Qoşalı bildirib ki, dünya səviyyəsində qəbul edilmiş belə bir fikir var ki, Birinci Dünya Müharibəsində Çanaqqalada gedən döyüşlərdə Osmanlı imperiyası dünyanın sonuncu alicənab müharibəsini aparıb:
“Osmanlı ordusu müharibədə qızıl ləyaqət göstərib. Biz, ərazisi işğal altında olan dövlətin nümayəndəsi kimi yaxşı bilirik ki, müharibədə qızıl ləyaqət göstərmək nə deməkdir. İşğalçı Ermənistanın özünün dünyadakı havadarlarına arxalanaraq xüsusilə də Xocalı soyqırımını törədən zaman bəşəriyyətə hansı insanlıq dramını yaşatdığını yaxşı bilirik. Bu mənada Afrində də türk ordusunun qızıl ləyaqəti bir daha təkrar etməsi bu hərəkata xüsusi anlam verir. Türk, əsrlər öncə olduğu kimi əsrlər sonra da ləyaqətlə müharibə aparır. Baxın, türk ordusu budur.Ona görə də biz Türkiyə ordusu var olsun dediyimiz zaman əslində insanlığın var olmasını istəyirik. Hər birimizi təbrik edirəm”.
Qeyd edək ki, “Qardaşlığımız Əbədidir” adlı təşkilat komitəsi 2018-ci ilin fevral ayında Azərbaycan Respublikasının bir qrup qeyri-hökumət təşkilatı tərəfindən yaradılıb. Təşkilat komitəsinin ilk tədbiri Türkiyənin terrorla mübarizə məqsədilə Suriyanın Afrin bölgəsində “Zeytun Budağı” adlanan hərbi hərəkatına dəstək məqsədilə 17 fevral 2018-ci il tarixində baş tutub. Tədbir Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarətlə başlayıb daha sonra Gəncliyə Yardım Fondunda rəsmi hissə ilə davam edib. Tədbirin sonunda qəbul olunmuş bəyanat təşkilat komitəsinin nümayəndələri tərəfindən Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Erkan Özorala təqdim edilib.