Sosial Fəaliyyətlər 1918-ci il Azərbaycanlıların Soyqırımı. Bakıda Mart Qırğınları

1918-ci il Azərbaycanlıların Soyqırımı. Bakıda Mart Qırğınları

2

XX əsr Azərbaycan tarixində 1918-ci il bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələr baxımından yəqin ki, ən əhəmiyyətli zaman kəsiyidir.

Bu hadisələrin ən yüksək zirvəsi, sözsüz ki, 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsidir. Sonrakı mühüm tarixi hadisələr –  sentyabrın  15-də Bakının birləşmiş Türk-Azərbaycan hərbi qüvvələri tərəfindən azad edilməsi və Azərbaycan hökumətinin Bakıya köçməsi, dekabrın 7-də Azərbaycan Parlamentinin yaranması və nəhayət, 1918-ci ilin 28 dekabrında  Azərbaycan hökumətinin Cənubi Qafqazda İttifaq qoşunlarının komandanlığı və İngiltərə Hökuməti tərəfindən qanuni hakimiyyət kimi  tanınması – bütün Şərqdə ilk demokratik quruluşun  və azərbaycanlıların ilk milli dövlətçiliyinin – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının  əsasını qoymuşdur.

Lakin 1918-ci ilin əlamətdar hadisələrindən əvvəl bütün Azərbaycan xalqı üçün ümumi faciəyə çevrilmiş, hətta onun mövcudluğunu belə şübhə altında qoymuş faciələr baş vermişdir. Bakıda və Şamaxıda 1918-ci ilin mart hadisələri bu qanlı zəncirin başlanğıcı olmuşdur. Bir neçə mart günləri ərzində bu şəhərlərin və onun ətraf kənlərinin dinc azərbaycanlı əhalisi amansızlıqla özbaşınalıq edən bolşevik-daşnak hərbi qüvvələri tərəfindən görünməmiş dəhşətli cəza aksiyalarına – talan vəqırğınlara, əzilmək, əsir alınmaq, qarət edilmək, şəhər və kəndlər isə yanğın və dağıntılara  məruz qalmışdır.

Bakı və Şamaxıdan sonra müsəlman qırğınları və talanları  Göyçay, Ərəş, Cavad, Nuxa, Quba qəzaları kəndlərini və Quba şəhərini, Gəncə şəhərinin ətraf kəndlərini, Lənkəran, Zəngəzur qəzalarını, həmçinin Qarabağın azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələrini əhatə etmişdir. Öz tarixi torpaqlarında dinc şəkildə yaşayan və müxtəlif tarixi dövrlərdə buradaməskunlaşan digər milli-dini qrupların nümayəndələri – erməni, yəhudi, ruslarlamehriban qonşuluq əlaqələri saxlayan azərbaycanlıların və Azərbaycanın müsəlmanəhalisinin digər təmsilçiləri olan ləzgilərin, tatların, kürdlərin günahı nə idi? Bütün bu hadisələrin dərin tarixi kökləri və səbəbləri var idi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra Rusiyaya birləşdirilən Azərbaycantorpaqlarının zəbt edilməsi və azərbaycanlıların bu torpaqlardan deportasiyasına hesablanmış ümumerməni proqramının həyata keçirilməsi  bu tarixi müqavilələrdən sonra başlamışdır. I Nikolayın maneəsiz olaraq İrandan və Türkiyədən köçmələrinə imkan verən sərəncamlarından istifadə edən ermənilər kütləvi şəkildə Qafqazda,xüsusilə Qarabağ, Naxçıvan, İrəvan ərazilərində  məskunlaşırlar. 1828-ci ilin martında İrəvan və Naxşıvan xanlıqlarının əraziləri rus hakimiyyəti tərəfindən “Erməni vilayəti” altında inzibati vahid altında birləşdirilir. Doğrudur, artıq 1940-cıilin aprel ayında “Erməni vilayəti” ləğv olunsa da,  bu, azərbaycanlı əhalinin üstünlük təşkil etdiyi həmin ərazilərin ermənilər tərəfindən əzəli “erməni” torpaqlarıelan edilməsiinə mane olmur.

XIX əsrin sonlarından “Qnçak” və “Daşnaksutyun” erməni partiyalarının  meydana gəlməsi ilə Osmanlı imperiyası və Zaqafqaziya ərazisində erməni təşkilatlarının Erməni dövlətinin yaradılmasına yönəlmiş fəal və yaxşı təşkil olunmuş siyasi-silahlı fəaliyyəti başlayır. 1905-1907-ci illərdə ermənilərin azərbaycanlılara qarşı ilk və irimiqyaslı silahlı çıxışları baş verir və bu, iki xalqın qanlı qırğını ilə nəticələnir. Ən ümumi hesablamalara görə, 1905-1906-cı illər qarşıdurmalarda Bakı, İrəvan və Yelizavetpol quberniyalarında 158 Azərbaycan və 128 erməni kəndi dağıdılmış, müxtəlif mənbələrə görə 3 mindən 10 minə qədər insan həlak olmuşdur.

Lakin,  qəbul edilmiş rəylərə görə, “Daşnaksutyun” kimi təşkilatı olmayan və plansız hərəkət edən”, kifayət qədər silahlanmamış və ibtidai hərbi hazırlıq keçməmiş  azərbaycanlılar o zaman bütün çətinliklərə baxmayaraq mütəşəkkil erməni hərbi dəstələrinin hücumunu dəf etmiş və layiqli müqavimət göstərə bilmişdilər.

I Dünya müharibəsinin başlanması ilə, xüsusən 1917-ci il Fevral inqilabından və Rusiya İmperiyasının süqutundan sonra, müharibədə iştirak edən dünya dövlətlərinin Qafqazda maraqları kəskinləşir və toqquşur. Eyni vaxtda Qafqaz xalqları qarşısında öz siyasi-milli idealları və arzularını reallaşdırmaq üçün geniş imkanlar açılır. Çoxillik məqsədyönlü işin yekununda erməni ideoloqları Cənubi Qafqazın gələcəyinə dair Qərb dövlətləri və Rusiyanın planlarına “erməni dövlətçiliyi məsələsi”nin daxil edilməsinə nail olurlar. Gürcülərin də öz dövlətini yaratmaq hüququ mübahisə doğurmur. Bununla yanaşı, Cənubi Qafqazın ən çoxsaylı xalqı olan azərbaycanlılar nəinki Qərb dövlətlərinin,  neftlə zəngin Bakını qeyri-azərbaycan şəhəri hesab edən rus siyasi qüvvələrinin diqqətindən kənarda qalır.

Azərbaycanlılar üçün son dərəcə əlverişsiz olan bu vəziyyətdə “Müsavat” partiyasının Qafqazın siyasi meydanına cıxması  sinfi mübarizə ideyasını təbliğ edən və keçmiş Rusiya İmperiyasının bütün ərazilərində, o cümlədən Qafqazda, hakimiyyəti ələ keçirmək niyyətini gizlətməyən bolşevikləri, eyni zamanda azərbaycanlı əhalinin üstünlük təşkil etdiyi tarixi Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq arzusu ilə alışıb-yanan erməni millətçilərini narahat etməyə bilməzdi.

I Dünya müharibəsi hələ davam etdiyi  1917-ci ildə erməni millətçiləri Türkiyənin 7 vilayəti ərazisində “Böyük Ermənistan”ı yaratmaq xülyasından əl çəkməsələr də, mövcud vəziyyətdə bu planların həyata keçirilməsinin xeyli çətinləşdiyini anlayırlar. Bu səbəbdən ermənilər öz əsas fəaliyyətlərini daha əlverişli şəraitin olduğu Zaqafqaziya ərazisinə istiqamətləndirirlər. 1918-ci ilin mart ayına qədər onlar artıq Zaqafqaziyanın cənub-qərbində – Qarsda, İrəvan və Yelizavetpol quberniyalarının bir neçə qəzalarında və Qarabağda dinc sakinlərin-azərbaycanlıların sıxışdırılması, zorla qovulması və kütləvi şəkildə öldürülməsi yolu ilə hələ mövcud olmayan erməni dövləti üçün əraziləri təmizləməyə müvəffəq olurlar. Rusiyada 1917-ci il bolşevik çevrilişindən sonra qorxuya düşən erməni və gürcü hissələri Qafqaz cəbhəsindən qaçmağa başlayır. Müharibənin gedişində Rus ordusu tərəfindən müvəqqəti zəbt edilmiş Türkiyə vilayətlərinə köçmüş, bundan əvvəl isə daima türk torpaqlarında yaşamış yüz minlərlə Türkiyə erməniləri də Zaqafqaziyaya üz tutur. Burada onlar hələ 1915-ci ildə Türkiyə hökuməti tərəfindən ermənilərin cəbhəyanı zonadan köçürülməsi haqqında qanunun qəbul edilməsindən sonra göstərilən ərazilərdə məskunlaşmış erməni qaçqınları ilə birləşirlər.  Çoxsaylı erməni əhalisi “Daşnaksutyun”un silahlı dəstələrinin və cəbhədən qaçmış minlərlə erməni əsgərinin köməyi ilə yerli, silahsız, dinc müsəlman əhalisinə torpaqlarından basqınlar edərək, qısa müddət ərzində onların bir hissəsini qətlə yetirir, qalanını isə doğma torpaqlardan didərgin salır. Beləliklə, 1917-ci ilin əvvəlindən 1918-ci il mart ayınadəkermənilər təkcə İrəvan  quberniyasında 199 Azərbaycan kəndini yer üzündən silirilər.

Bu cəza əməliyyatı “Daşnaksutyun”un həmin torpaqların azərbaycanlılardan təmizlənməsi və sonradan Zaqafqaziya ərazisində Erməni dövlətçiliyinin mərkəzinə çevrilməsi üzrə planının tərkib hissəsi idi. Məhz həmin dövrdə gələcək Erməni dövlətinin ərazi bünövrəsi qoyulur. Lakin “dənizdən dənizə” qədər uzanan “Böyük Ermənistan”ın taleyi şəhərlərdə, o cümlədən Bakıda həll olunurdu.

Martın əvvəlində Bakı və Yelizavetpol (Gəncə) quberniyalarında hakimiyyət  Azərbaycan ərazisində müsəlman əhalisini birləşdirməyi bacarmış və cəmiyyətin əsas siyasi qüvvəsinə çevrilmiş “Müsavat” partiyasının əlində idi. Lakin təkbaşına hakimiyyəti ələ keçirməyə çalışan aparıcı siyasi qüvvələrin münasibətlərinin kəskinləşməsi səbəbindən Bakı şəhərinin özündə vəziyyət daha mürəkkəb idi. 1917-ci ilin noyabrında, Rusiyada bolşevik çevrilişindən dərhal sonra, S.Şaumyanın başçılıq  etdiyi, yalnız Leninin Xalq Komissarları Sovetinə tabe olan Bakı Soveti özünü şəhərdə yeganə hakimiyyət elan etmişdi. Bakıdakı  digər  siyasi qüvvələr,  xüsusilə  “Müsavat” partiyası və şəhərin yerli hakimiyyəti – Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi və çoxmillətli Bakı cəmiyyətinin sağ qolunun təmsil olunduğu Bakı Duması bu qərara qarşı çıxırdılar. “Müsavat”ın rəhbərliyi altında Azərbaycan milli qüvvələrinin Azərbaycana milli-ərazi muxtariyyətinin verilməsi tələbi sinfi mübarizə ideyasını təbliğ edən bolşeviklər, eləcə də tam fərqli geosiyasi maraqlardan çıxış edən “Daşnaksutyun” liderləri üçün qəbuledilməz idi. Sonuncular erməni Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı  Sovetində hakim mövqe tuturdular. Azərbaycan milli qüvvələrinin nəyin bahasına olursa olsun siyasi meydandan çıxarılması məqsədi   beynəlmiləlçi bolşevikləri və “Daşnaksutyun”  başda olmaqla, ultra-millətçi erməni qrupları  bir  araya gətirir.

1918-ci ilin fevralında “Bakinski raboçiy” qəzetinin səhifələrində  açıq-aşkar “Azərbaycan  muxtariyyətini  arzu edən müsavatçılar bir yığın xarabalıqlar  əldə edəcəklər” kimi bəyanat verən  Şaumyanı Azərbaycanı həmin “ xarabalıqlar yığınına”  çevirməli olan və təcili surətdə  ordu toplayan Erməni Milli Şurası tam dəstəkləyirdi. Erməni korpusunun təşkili və erməni döyüşçülərin Qafqaza göndərilməsi ilə həmçinin Petroqradda olan yüksək rütbəli  erməni hərbiçiləri  məşğul olurdular. Beə ki, erməni korpusunun ehtiyacları üçün Petroqraddan bir neçə zirehli qatar, avtomobil, texniki vasitə və sursatlar, hətta sanitar qatarı göndərilmişdi. 1918-ci  fevral və mart aylarının əvvəllərində keçmiş Rusiya ordusunun generalları İvan Baqramyan və Akop Baqratuni, həmçinin  «Daşnaksütun”partiyasının yaradıcılarından biri Stepan Zoryan (Rostom) Bakıya gəlirlər. Cəbhədən qayıdan erməni əsgərlərini Bakıda saxlamağa və hazırlanan silahlı vuruşlarda onlardan istifadə etməyə çalışan Erməni Milli Şurası 1918-ci ilin mart ayının əvvəlində “Erməni əsgərlərinə”  müraciət edir və üstüörtülü şəkildə onları silahlarını özlərində saxlamağa, erməni millətinin mənafeyinin müdafiəsi üçün tələb olunan hər yerdə tətbiq etmək üçün hazır olmağa çağırır.Eyni zamanda Bakı Sovetinin Qızıl Ordusunun formalaşdırılması işi gedirdi. Ordu sıralarına çağırışla Avakyan məşğul olurdu və nəticələr kifayət qədər səciyyəvi idi: “Qırmızı qvardiya” adı altında yaradılmış 10-12 minlik ordunun70 faizini ermənilər təşkil edirdi. Qızıl Ordunun qərargah rəisi çar ordusunun polkovniki, daşnak birləşmələrinin komandanı və “Daşnaksütun” partiyasının üzvü Z.Avetisov, briqada və birləşmiş  dəstələrin komandirləri  – çar ordusunun polkovniki Kazarov, türk əhalisinə qarşı öz vəhşilikləri ilə məşhur olan Amazasp, A.Əmirov və digərləri idi. 1918-ci ilin martında Şaumyanın özünün şəhadətinə görə artıq bolşeviklərin sayı “təxminən 6 min nəfər” olan hərbi hissələri, “Daşnaksütunun” isə “3-4 minlik milli dəstələri” var idi  ki, onlar da həmçinin bolşeviklərin sərəncamına verilmişdi. Milyonçu Mantaşevin və digər iri erməni neft sənayeçilərinin zavodları, habelə Bakıdakı erməni kilsəsinin zirzəmiləri Erməni silahının mərkəzi silah anbarına çevrilmişdi .

Beləliklə, bolşeviklər və daşnaklar bütün partiyalararası, siyasi və ideoloji ziddiyyətləri kənara qoyaraq Bakıda hərbi-siyasi ittifaq bağlayır və bütün güclərini  ”Müsavat” başda olmaqla Azərbaycan milli hərəkatına və bütün müsəlman əhalisinə qarşı yönəldırlər.

Həmin vaxt müsəlmanların yeganə hərbi birləşməsi Lənkəranda könüllülərdən təşkil edilmiş “Vəhşi diviziya” adlanan silahlı dəstə idi və bolşevik rəhbərləri yaranmış ilk fürsətdən istifadə edərək, birinci zərbəni ona qarşı yönəldirlər. 1918-ci il martın 9-da  general Talışinskinin başçılıq etdiyi Azərbaycan “Vəhşi diviziyanın” qərargahı Tiflisdən Bakıya gəlir və Şaumyanın göstərişi ilə Bakı Soveti adından birbaşa vağzalda həbs edilir.Bu hadisə təkcə Bakıda deyil,  bütün qəzalarda azərbaycanlı əhalinin böyük narazılığına səbəb olsa da, azərbaycanlı xadimlərin, o cümlədən N.Nərimanovun işə qarışması ilə münaqişə həll olunur və müsəlmanları bolşeviklərə və  ermənilərə qarşı silahlı üsyana təhrik etmək məqsədi güdən təxribatı baş tutmur.

Bununla belə, şəhərin müxtəlif millətlərdən ibarət olan sakinləri arasında  qarşıdurma təhlükəsi ilə bağlı gərginlik artmaqda davam edirdi.  Azərbaycanlılar ermənilərin kütləvi surətdə şəhərin müsəlman hissəsindən erməni hissəsinə köçdüyünü, “Ermənikənd” adlanan  məhəllələrdə ermənilər tərəfindən səngərlər qazıldığını müşahidə edir,  ermənilərin “1905-ci ili təkrarlamaq, yəni müsəlman qırğınlarını başlamaq” niyyətləri və “ermənilərin müsəlmanlara qarşı çıxışlara hazırlaşdıqları” barədə şəhərdə gəzən şayiələri eşidirdilər. Ermənilər tərəfindən də müsəlmanların tezliklə şəhərin xristian əhalisini qıracaqları haqda şaiələr yayılır və bütün xristian əhalisinin silahlanması tələbləri irəli sürülürdü.  Cəmiyyədə hökm sürən qorxu və gərginliyə son qoymaq üçün müsəlman, erməni, rus və yəhudi əhalisinin ictimai və dini xadimləri danışıqlar aparır, məscidlərdə, kilsələrdə və sineqoqlarda ümumi dua etmə mərasimləri keçirir, əhalini sülhə və əmin-amanlığa səsləyirdilər. Təbii ki,  bolşeviklər və erməni milli-siyasi qüvvələri bütün bu tədbirlərdə iştirak etmirdi.  Şaumyanın bu dövr bütün fəaliyyəti müsəlmanları çıxış etməyə vadar edəcək və onlara qarşı silahlı mübarizənin başlanmasına bəhanə verəcək yeni təxribatın təşkil edilməsinə yönəlmişdi. Tezliklə belə bəhanə yaranır.

Mart ayının 27-də müsəlman diviziyasının zabit və əsgərlərdən ibarət kiçik bir dəstə öz xidmət yoldaşları, müsəlman diviziyasının zabiti –  Azərbaycanın tanınmış milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin silahla ehtiyatsız davranması nəticəsində faciəli şəkildə həlak olmuş oğlu Məhəmmədin cənazəsini müşayiət edərək və onun dəfnində iştirak etmək üçün “Evelina” gəmisində Lənkərandan Bakıya gəlir. Dəfndən sonra  martın 29-da Lənkərana geri qayıtmağa hazırlaşan dəstə guya şəhərdə silahlı qarşıdurmanın və qan tökülməsinin qarşısını almaq istəyən bolşeviklər tərəfindən  saxlanılır və  tərksilah edilır. Bu dəfə təxribat baş tutur. Onsuz da Lənkərana getməyə hazırlaşan 48 nəfərdən ibarət azərbaycanlı hərbiçilərin tərksilah edilməsi şəhərdəki bir neçə min nəfərlik erməni və qızıl ordu hissələrini qarşısında faktiki olaraq silahsız və müdafiəsiz qalmış Bakı və ətraf kəndlərinin müsəlman əhalisinin qəzəbinə səbəb olur. 1918-ci il  martın 30-da  şəhərin müxtəlif hissələrində azərbaycanlıların qeyri-mütəşəkkil etiraz mitinqləri başlanır. Mitinq iştirakçıları azərbaycanlı hərbi qulluqçuların silahlarının qaytarılmasını və ya, Bakıda erməni hərbi birləşmələrinin də tərksilah edilməsini tələb edirlər. Azərbaycan milli elitasının və siyasi qüvvələrinin  şəhərdə gərginliyin daha da dərinləşməsinin qarşısını almaq üçün göstərdikləri bütün cəhdlər son nəticədə təsirsiz qalır. Müsavatçıların “Açıq göz” qəzeti müsəlman əhalisinə emosiyalara qapılmamaq çağırışı ilə müraciət etsə də  silahlı qarşıdurma başlanır.

Bakının müsəlman əhalisinin  azərbaycanlılara mənsub olan ictimai binalarınqarşısında və müsəlman məhəllələrində qeyri-mütəşəkkil şəkildə səngərlərin qazılması  və “bir mauzer və beş patronla top və pulemyotlara cavab verilməsi” ilə ifadə edilən müqaviməti bir gün də çəkmir. Şəhərin mərkəzi və istisnasız olaraq bütün müsəlman məhəllələri çoxminli bolşevik-erməni birləşmələrinin silahlı hücumuna, aeroplanlardan bombardmana və  Xəzər donanmasının sahilə gətirilmiş gəmilərindən fasiləsiz top atəşinə məruz qalır.  1918-ci il martın 31-də azərbaycanlı əhalinin nümayəndələri köməksiz müsəlmanların qırğınına son qoyulması xahişi ilə Bakı Sovetinə, şəxsən Şaumyana müraciət edir və  tam təslim əlaməti olaraq ağ bayraqlar qaldırdılar. Azərbaycanlıların təslim olması ilə kifayətlənməyən bolşeviklər və daşnaklar “Müsavata” və Müsəlman Milli Şurasına ultimatum təqdim edirlər. Ultimatumda müsəlmanlardan açıq şəkildə və qeyd-şərtsiz Bakı Sovetinin hakimiyyətini tanımaq, azərbaycanlıların “Vəhşi diviziya” adlanan hərbi hissəsini Bakı və onun ətraf kəndlərindən çıxarmaq, həmçinin Bakı-Tiflis və Bakı-Petrovsk dəmir yolunu açmaq kimi təcili tədbirlərin görülməsi tələb edilir.

Bu sonuncu tələblər absurd xarakter daşımaqla azərbaycanlı milli qüvvələrin imkanları xaricində olsa da, qan tökülməsinin dayandırılması və şəhərin dinc azər-baycanlı əhalisinin həyatının mühafizəsi xətrinə ultimatum elə həmin gün “Müsavat” rəhbərliyi tərəfindən qəbul olunur. Lakin, elan edilmiş barışığa baxmayaraq, şəhərin müsəlman məhəllələrinin talan edilməsinə son qoyulmur. Bakıdakı xarici missiyaların, xüsusilə İran konsulunun hadisələrin gedişinə müdaxilə etmək və sonradan məlum olduğu kimi, mart hadisələri zamanı çoxlu sayda İran vətəndaşlarının – etnik azər-baycanlıların həlak olduğu qırğınların qarşısını almaq səyləri də heç bir nəticə vermir.

Qeyd ediməlidir ki, mart günlərində Bakının istisnasız  olaraq  bütün azərbaycanlı əhalisi – kübar zümrələrdən tutmuş sadə adamlara qədər bütün təbəqələr erməni zorakılıqlarının və talanlarının qurbanlarına çevrilmişdi. Qırğınların ilk saatlarında erməni əsgərləri şəhərin küçələrində olmuş bütün müsəlmanları tutur, qarət edir və bir çox hallarda qətlə yetirirdilər. Həmin günlər şəhərə gəlmiş ətraf kəndlərin sakinlərin- dən itkin düşənlər, işdən qayıtmayanlar, evə geri dönməyənlər bu əməllərin qurbanı olur.Bakının zəngin azərbaycanlıların ünvanlarının əvvəlcədən hazırlanmış siyahıları ilə erməni hərbi dəstələri ən əvvəl bu evlərə hücum edir. Daha sonra hücumlar kütləvixarakter alır. Bakının müsəlman əhalisinə qarşı silahlı çıxışlar şəhərin müxtəlifhissələrində –  həm mərkəzi məhəllələrdə, həm də kasıb və imkansız  təbəqələrdən olan sakinlərin məskunlaşdığı  “Məmmədli”, “Kərpicxana”, “Kanitapinskaya” və d. adlanan ucqarlarda eyni zamanda başlanmışdı. Bu isə qanlı mart hadisələrinin guya bolşeviklər tərəfindən idarə olunan rus əsgər və matrosları tərəfindən törədildiyi barədə ermənilərin  yaydığı şayiələri, eləcə də silahlı toqquşmaların müsavatçılar tərəfindən törədildiyini barədə bolşeviklərin iddialarını təkzib edirdi. Ermənilərin xəyanətkar hücumu ilə qarşılaşmış şəhərin müsəlman əhalisi əvvəlcə silahlı quldur dəstələrinin əsas hədəfinin gənc kişilər – azərbaycanlılar olacağını düşünmüş,  qoca,  qadın və uşaqlara toxunulmayacaqlarına ümid edirmişlər. Lakin qırğınların elə ilk günü qətlə yetirilənlərinin arasında çoxlu sayda  qadın, uşaq vəyaşlı kişilərin olması erməni-bolşevik qüvvələrinin şəhərin azərbaycanlı əhalisini,cinsinə və yaşına baxmadan, kütləvi surətdə qırmaq niyyətini bir daha sübut edir. Bir çox qadınlar öz ərlərini, oğullarını və atalarını xilas etmək məqsədilə, ermənilərin ayaqlarına atılır, xahiş edir, yalvarırdılar, bəzən öz yaxınlarını müdafiə etməyə çalışır və beləliklə kişilərlə birlikdə həlak olurdular. Azərbaycanlı qadın və uşaqların əksəriyyəti yalnız  bu hadisələrə bolşeviklər tərəfindən cəlb edilmiş ayrı-ayrı rus əsgər və matroslarının fəal müdaxiləsi sayəsində labüd ölümdən qurtarır və bu zaman əsir götürülürdülər. Mart qırğınları zamanı şəhərin geniş sahələrə malik olan bir çox binaları – teatrlar, kinoteatrlar, məktəblər, polis məntəqələri, ayrı-ayrı zəngin erməni evləri, Şəhər Dumasının ictimai binası, vağzal və digər binalar, hətta hamamlar da minlərlə bədbəxt, qarət edilmiş, öz yaxınlarının vəhşicəsinə qətli faciəsini yaşamış azərbaycanlıların, əsasən, qadın, uşaq və qocaların gətirildiyi və günlərlə, bir çox hallarda  ac və susuz saxlanıldığı həbsxanalara çevrilmişdi. Müsəlmanların kütləvi surətdə əsir alınmasında iştirak etmiş bəzi erməni xadimləri sonradan bu əməli guya dinc müsəlman vətəndaşların təhlükəsizliyini təmin etmək  məqsədi ilə görülmüş zəruri tədbir kimi izah etməyə çalışırdılar.  Halbuki, zərərçəkənlərin çoxsaylı ifadələrindən sübut olunur ki,  müsəlmanların əsir alınması silahlı erməni quldur dəstələri tərəfindən zorla həyata keçirilmiş,  təhqirlərlə, istehza, hədə-qorxu, bir çox hallarda isə qətllərlə müşayiət olunmuşdur.  Erməni əsgərləri müsəlman qadınların çadralarını cırır, onları hörükləri ilə bir-birinə bağlayır və başıaçıq, ayaqyalın şəhərin küçələrində gəzdirərək yolboyu süngülərlə döyür, əsirlərin  saxlandıqları yerlərə qovurdular.Burada əsir qadınların  gözləri qarşısında baş vermiş qətllərdən dəhşətə gələrək ölməsi, körpələri qucaqlarında keçinən  anaların dəli olması,  azyaşlı uşaqların acından və qorxudan və susuzluqdan  ölməsi və s. hallar baş verirdi. Erməni ziyalıları isə bu zaman öz arvadlarını azərbaycanlıların “rüsvayçılığına” tamaşa etməyə gətirirdilər.

Əsir aparılmış və ya tamamilə məhv edilmiş azərbaycanlı ailələrin boş qalmışevləri və bütöv məhəllələr müsəlmanların əmlakını mənimsəmək, soyğunçuluq və qarətlər,  eləcə də  üç-dörd gün ərzində  avtomobillərdə, arabalarda aparılması mümkün olmayan bütün əmlakı darmadağın  və məhv etmək üçün  erməni quldurlarına geniş imkanlar yaradırdı. Talan  edilmiş əmlak erməni milyonçuları və sənayeçilərinin əvvəlcədən hazırlanmış anbarlarına yığılırdı.1918-ci ilin faciəli mart günlərində şəhərin müsəlman əhalisinə –  iri sənayeçilərə, zavod, liman, neft mədənləri sahibkarlarından başlayaraq çoxsaylı mülki, sosial və ticarət obyektlərinin: evlər, idarə, mehmanxana, məktəb, restoran, bərbərxana, emalatxana, mağaza, anbar, dükan, tövlə və s. sahiblərinə vurulan maddi ziyanın miqyasını və dəyəri yüz milyonlarla ölçülürdü. Yalnız məlum faktlar əsasında bu rəqəm 400 000 000 göstərilirdi. Yandırılan və dağıdılan binalar arasında azərbaycanlıların mədəni-ictimai və dini mərkəzini təcəssüm etdirən “İsmailliyə” –  Müsəlman Xeyriyyə Cəmiyyətinin binası, “Kaspi” və “Açıq göz” qəzetlərinin, “Dağıstan”, “İsgəndəriyyə” və “İslamiyyə” mehmanxanalarının binaları da var idi. Müsəlmanların qaldıqları bu mehmanxana və karvansaralar orada olan insanlarla birlikdə yandırılmışdı.

Bakıda mart faciələrinin təşkilində  Erməni Milli Şurasının və “Daşnaksütun” partiyasının rolu, erməni ziyalı və kübar təbəqələri nümayəndələrindən  tutmuş“erməni qara camaatı”na qədər  Bakının erməni əhalisinin əlisilahlı azərbaycanlıqırğınlarında iştirakı  təkzibedilməz faktlar və sübutlarla  təsdiq edilirdi. Şəhərin erməni elitasının ən tanınmış üzvləri, başda Stepan Lalayev və Tatevos Əmirov, o cümlədən milyonçu Ambarsum Melikov öz oğlanları ilə birlikdə və başqaları əldə silahküçələri gəzərək ilk növbədə öz tanışları və dostlarının evlərinə hücum edirdilər.

Stepan Lalayevin törətdiyi amansızlıqlardan hətta ermənilər özləri də dəhşətə gələcəklər. “İsmailiyyə” binasının isə sonradan 26 Bakı Komissarları cərgəsinə daxil edilən daşnak Tatevos Əmirovun şəxsən yandırdığı məlum idi.

Qırğınların ilk günlərində Bakının on minlərlə müsəlman sakinləri yalnız hər hansı yolla şəhərdən çıxa bildiklərinə görə labüd ölümdən xilas olmuşlar. Lakin şəhəri tərk etmək özü də təhlükəsiz deyildi. Erməni quldur dəstələri şəhərdən qaçmağa çalışan müsəlmanları tutub saxlayır, qadın, qoca və uşaqlara rəhm etmədən qarət edir və sonra güllələyirdi. Nifrət və tamahkarlıqdan ağlını itirmiş ermənilərin hədəfinə çevrilmiş müsəlmanların həyat və əmlakının xilas edilməsi bir çox hallarda  onların yəhudi, rus, polyak,  gürcü qonşularının, tanışlarının, və ya sadəcə olaraq təsadüfən yoldan keçən insanların fəal iştirakı və hadisələrə müdaxiləsi nəticəsində mümkün olurdu. Son nəticədə isə  müsəlmanların kütləvi qırğını azərbaycanlılarla barışığa rəsmi şəkildə razılaşmış Bakı Soveti tərəfindən deyil,  aprelin 2-də  36-cı Türküstan alayının müsəlman qırğınlarınıdayandırmaq barədə qətiyyətli tələbi və artıq vəziyyəti başa düşmüş Xəzər rus  dənizçilərinin əks təqdirdə Bakı Sovetinin tabeçiliyindən çıxaraq  və şəhərin erməni hissəsinə toplardan atəş açacaqları kimi  hədələri sayəsində dayandırılır. Qırğınların dayandırılmasında G. Caparidzenin müdaxiləsi də müəyyən rol oynayır.

1918-ci il  martın 30-da axşam başlanan azərbaycanlı qırğınları faktiki olaraq bir həftə davam etmiş, lakin onun üç günü  erməni daşnak dəstələrinin hədsiz azğınlığı, amansızlığı və  qəddarlığının  xüsusilə kütləvi xarakteri ilə səciyyələnmişdir.  Həmin günlər azərbaycanlı qırğınları yalnız şəhərin hüdudları ilə məhdudlaşmırdı. Erməni quldur dəstələri  Bakının ətraf kəndlərinə də basqınlar edərək sakinlərin evlərinə soxulur, şəhər kənarı yollarda pusqular qurur, yoldan keçən müsəlmanları qarət edir və qətlə yetirirdilər. 1918-ci ilin martında bir sıra Bakı kəndlərinin – Məhəmmədi, Əhmədli, Balaxanı, Binəqədi, Bibi-Heybət, Hökməli, Zabrat, Sabunçu, Ramana, Xırdalan və s. sakinləri erməni silahlı dəstələrinin vəhşiliklərinin qurbanı olmuşlar.

Ən ümumi hesablamalara görə təkcə bir həftə ərzində Bakıda 12 mindən artıq insan, əksəriyyətini dinc sakinlər təşkil edən və əsas etibarilə müsəlman əhali vəhşicəsinə qətlə yetirilmişdir. Hadisələrin ilk 3-4 günü ərzində bolşevik-daşnak dəstələrinin azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə izn vermədiyi, şəhərin küçə, həyət və evlərindən meyitlərin yığılması ilə  bir neçə gün ərzində ayrı-ayrı dəstələr, o cümlədən ermənilərin özlərinin də məşğul olduğu, sonuncular tərəfindən cəsədlərin həm hadisələrin baş verdiyi günlərdə, həm də sonra yanan binalara, quyulara, dənizə töküldüyü, qırğınlardan dərhal sonra müsəlman əhalisinin kütləvi şəkildə şəhəri tərk etdiyi və, nəhayət, Bakıda  Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tam hakimiyyə-tinin bərqərar olması  qurbanların dəqiq sayının hesablanmasına imkan verməmişdir. Lakin Mart hadisələri zamanı qırğınların dayandırılmasına səy göstərmiş   İran konsulu Məhəmməd Səid-ol Vesarə Marağeyinin təkcə onun yaratdığı xüsusi komissiya tərəfin- dən  Bakının küçə və həyətlərindən 5000-dən artıq müsəlmanın – iranlı və qeyri-iranlı – meyitinin toplanması və müsəlman adəti üzrə dəfn edilməsi şəhadəti, eləcə də digər mənbələr mart qurbanlarının sayının  12 mindən də artıq olduğunu deməyə əsas verir.Menşeviklərin “Naş qolos” qəzeti həmin günləri təsvir edərək yazırdı: “Hər tərəfmeyitlərlə doludur – yanıb kül olmuş, doğranmış,  eybəcər hala salınmış meyitlər…

“Təzə pir” məscidi artilleriya atəşlərindən güclü ziyan çəkmişdir… Patrul  6-cı polis sahəsinin həyətində 600-ə yaxın əsir müsəlman qadın və uşaqları  tapdı, onları azad etdi və şəhərin müsəlman hissəsinə qədər müşayiət etdi.. Geniş kütlələr qəzəb və nifrətlə dolub-daşır, bu hisslər  getdikcə  qəzəbli intiqam hissinə çevrilir ki, onların qarşısını almaq elə də asan olmayacaq”. Mart hadisələri başladığı andan M.Ə.Rəsulzadə başda olmaqla Azərbaycan milliqüvvələri baş vermiş faciəni milli qırğın kimi səciyyələndirmiş və Cənubi Qafqazın bütün müsəlman əhalisini məhv etmək niyyəti güdən məqsədyönlü siyasət kimi xarakterizə etmişdir. Bu hadisələrə siyasi qiymət vermək və onun nəticələrini aradan qaldırılmaq üçün ilk  cəhd də faciədən dərhal sonra Azərbaycanın milli qüvvələri tərəfindən edilmişdir. 1918-ci ilin aprel ayının 2-də Zaqafqaziya Seyminin  Azərbaycan fraksiyası Seymi Bakı hadisələri  haqqında məlumatlandıraraq  müsəlman əhalisinin müdafiəsi üçün Zaqafqaziya hökumətindən Bakıya qoşun göndərilməsini tələb edir. Azərbaycan fraksiyasının çağırışlarına Zaqafqaziya Seyminin qoşunlarından yalnız Müsəlman korpusu cavab verir. 1918-ci ilin aprel ayının əvvəlində knyaz Maqalovun komandanlığı altında  2 min nəfərdən artıq sayda hərbi dəstə Bakıya tərəf hərəkət edə-rək  Hacıqabula yetişir. Onlarla eyni vaxtda Dağıstandan Nəcməddin  Qotsinskinin dağlılardan ibarət dəstələri qubalı Əli bəy Zizikskinin döyüşçüləri ilə birlikdə Bakıya yollanırlar və şəhərdən 10 kilometr məsafədə yerləşən Xırdalan stansiyasına qədər gəlirlər. Lakin, Qızıl Ordu qoşunlarından sayca dəfələrlə az olan  Qotsinskinin,

Zizikskinin və Maqalovun hərbi hissələri  tezliklə geri çəkilməyə məcbur olur.  Hadisələrin sonrakı inkişafı Seymin gürcü-erməni çoxluğunun  Bakı  Sovetinə qarşıhər hansı güc metodlarından istifadə etməyə  hazırlaşmadığını göstərir.

Beləliklə, Azərbaycan fraksiyasının Bakı hadisələrinə müdaxilə etmək üçün bütün daxili vasitələri tükənir və türk qoşunlarının çağırılması yeganə  çıxış yoluna  çevrilir. 1918-ci il 28 mayda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Azərbaycan xalqının öz  varlığı, milli hüquqları və müstəqilliyi uğrunda ölüm-dirim mübarizəsinə qalxması ilə ölkədə siyasi vəziyyəti kökündən dəyişir. Azərbaycan milli qüvvələri Türkiyənin hərbi yardımını ilə işğal olunmuş ərazilərini və öz respublikalarının paytaxtını– Bakı şəhərini bolşevik-daşnak hakimiyyətindən azad etmək üçün  hazırlığa başlayır.  Elə həmin günlər, son dərəcə  mürəkkəb və ağır şəraitdə fəaliyyətə göstərən gənc Azərbaycan Respublikasının ilk Hökumətinin böyük uzaqgörənlik və operativlik nümayiş etdirərək ölkə ərazisində dinc azərbaycanlı əhalisinə qarşı törədilən kütləvi zorakılıq hallarına ən yüksək və ciddi şəkildə  münasibət bildirmək və konkret tədbirlər görməyi  vacib sayır.  1918-ci ilin iyul ayının 15-də “Avropa müharibəsi başlandığı vaxtdan bütün Cənubi Qafqazın hüdudları daxilində müsəlmanlar və onların əmlakı üzərində törədilmiş zorakılıq hallarının araşdırılması üçün, Fövqəladə Təhqiqat Komissiyasının  yaradılması” haqqında qərar qəbul edilir.  Bu Komissiyanın cəmi bir ərzində hazırladığı sənədlər 1918-ci azərbaycanlıların soyqırımı tarixinin salnaməsi olacaq. Lakin 1918-ci ilin martında təkcə Bakı deyil, Şamaxı şəhəri və kəndləri də yanırdı…

Solmaz Rüstəmova-Tohidi tarix elmləri doktoru, professor.

Azərbaycan Milli Elmlər Akademiyası

akademik Z.M.Bünyadov adına Şərqşünaslıq

İnstitutunun baş elmi işçisi