Sosial Fəaliyyətlər Tarixçi Əkbər N. Nəcəf GYF-də Gənclərlə Görüş Keçirib

Tarixçi Əkbər N. Nəcəf GYF-də Gənclərlə Görüş Keçirib

10

Bu gün Bakı Gənclik Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında tarixçi, Azərbaycan Milli Araşdırmalar Assosasiyasının tarix araşdırmaları qrupunun rəhbəri Əkbər N.Nəcəfin müxtəlif universitetlərdə oxuyan gənclərlə görüşü keçirilib. Görüşdə Türk İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu, Gəncliyə Yardım Fondunun Bakı Təhsil koordinatoru Rüfət Şirinov  və Bakı Gənclik Akademiyasının koordinatoru Şükür Əndəlifov da iştirak edib.

Bakı Gənclik Akademiyasının koordinatoru  Şükür Əndəlifov qonağı salamlayaraq,  gənclərlə görüşü qəbul etdiyi üçün qonağa təşəkkürünü bildirib və bu görüşdən gənclərin tarix sahəsində  öyrənəcəyi çox dəyərli fikirlərin olduğunu qeyd edib. 

Daha sonra Əkbər N. Nəcəf  “Orientalizm” mövzusunda mühazirə ilə çıxış edib. Orientalizmin keçdiyi mərhələlər, məşhur orientalistlər, onların yazdığı əsərlər və fikirləri ilə bağlı məlumat verən Əkbər N.Nəcəf orientalistlərin Şərqə bir tərəfli baxdıqlarını, öz düşüncələri ilə yanaşdıqlarını, çox zaman qərəzli düşüncələrə sahib olduqlarını da vurğulayıb. İslamın güclənməsindən, sürətlə yayılmasından və elmin inkişafından qorxan Qərbin  İslamın qarşısını almaq, əvəzində Qərb düşüncəsini onlara yeritmək məqsədi ilə bu yolu seçdiklərini qeyd edib. Orientalistlərə qarşı mübarizə aparmağın yollarını elmin inkişafında və onların təqdim etdikləri düşüncəyə qarşı alternativ düşüncə modelini yaratmaqda gördüyünü bildirib.  

Görüşün sonunda tələbələrin suallarını cavablandırıb,  Əkbər N. Nəcəf  “Aran Atabəylləri” və “Miflərin Köçü: Qoyunlar və Çobanlar” kitabını imzalayaraq Bakı Gənclik Akademiyasının Kitabxanasına hədiyyə edib.