Sosial Fəaliyyətlər 100 İllik Əmanətə Sahib Çıxan Gənclər Azərbaycandadır

100 İllik Əmanətə Sahib Çıxan Gənclər Azərbaycandadır

4

Türkiyənin  Beynəlxalq Gənc Dərnəyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə həyata keçirilən, 100 İllik Əmanət layihəsi çərçivəsində Türkiyə və Azərbaycandan seçilən tələbələr qarşılıqlı olaraq iki ölkəni ziyarət edir. Layihə çərçivəsində, ilk olaraq Türkiyədən seçilən tələbələr Azərbaycana gəlib.

İki ölkənin ortaq mədəni və tarixi irsi haqqında geniş məlumat verilməsi nəzərdə tutulan layihə çərçivəsində ilk olaraq Türkiyədən gələn tələbələr Azərbaycanda ziyarətlərə başlayıblar. Tələbələr, 1918-ci ildə Osmanlı qüvvələri tərəfindən Bakını qurtarmaq məqsədiylə yaradılan Qafqaz İslam Ordusunun izlədiyi yol boyunca ziyarətlərini davam etdirəcəklər. Azərbaycanda bir həftə qalacaq tələbələr Bakı, Gəncə, Şamaxı, Quba, Zaqatala kimi şəhərləri ziyarət edəcək və tarixi məkanlarla tanış olacaqlar.

Layihənin ikinci hissəsi isə Azərbaycandan seçilən tələbələrin Türkiyəyə səfəri ilə reallaşdırılacaq. Bu səfərdə tələbələr Çanaqqalaya gedəcək və  Çanaqqala Döyüşləri və Azərbaycanlıların döyüş əsnasında fəaliyyətləri haqqında onlara ətraflı məlumat veriləcək. Hər iki ölkəyə reallaşdırılacaq ziyarətlər əsnasında milli və mənəvi dəyərlər haqqında seminarlar təşkil ediləcək. Tələbələr, eyni zamanda iki ölkənin tanınmış elm və fikir adamları ilə görüşəcəklər.

Azərbaycanda ziyarətdə olan tələbələrin ilk görüşü Gəncliyə Yardım Fondunda baş tutub. Fondun fəaliyyətləri haqqında yaxından tanış olan qonaq tələbələr onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.