Sosial Fəaliyyətlər Yeri Gəlsə Qarabağ Üçün Döyüşməyə Hazırıq…‎

Yeri Gəlsə Qarabağ Üçün Döyüşməyə Hazırıq…‎

8

Bu ifadələri “100 İllik Əmanət” layihəsi çərçivəsində Türkiyədən Azərbaycana gələn gənclər səsləndirib.

05-08.07.2018-ci il tarixləri arasında Türkiyənin  Beynəlxalq Gənc Dərnəyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə həyata keçirilən, 100 İllik Əmanət layihəsi çərçivəsində Türkiyə və Azərbaycandan seçilən tələbələr qarşılıqlı olaraq iki ölkəni ziyarət edir. Layihə çərçivəsində, ilk olaraq Türkiyədən seçilən tələbələr Azərbaycana gəlib.

İki ölkənin ortaq mədəni və tarixi irsi haqqında geniş məlumat verilməsi nəzərdə tutulan layihə çərçivəsində ilk olaraq Türkiyədən gələn tələbələr Azərbaycanda ziyarətlərə başlayıb. Tələbələr, 1918-ci ildə Osmanlı qüvvələri tərəfindən Bakını qurtarmaq məqsədiylə yaradılan Qafqaz İslam Ordusunun izlədiyi yol boyunca ziyarətlərini davam etdirib. Azərbaycanda bir həftə qalan tələbələr Bakı, Gəncə, Şamaxı, Quba, Zaqatala kimi şəhərləri ziyarət edib və tarixi məkanlarla tanış olublar.

Layihənin ikinci hissəsi isə Azərbaycandan seçilən tələbələrin Türkiyəyə səfəri ilə reallaşdırılacaq. Bu səfərdə tələbələr Çanaqqalaya gedəcək və  Çanaqqala Döyüşləri və Azərbaycanlıların döyüş əsnasında fəaliyyətləri haqqında onlara ətraflı məlumat veriləcək. Hər iki ölkəyə reallaşdırılacaq ziyarətlər əsnasında milli və mənəvi dəyərlər haqqında seminarlar təşkil ediləcək. Tələbələr, eyni zamanda iki ölkənin tanınmış elm və fikir adamları ilə görüşəcəklər.

Azərbaycanda ziyarətdə olan tələbələrin ilk görüşü Gəncliyə Yardım Fondunda baş tutub. Fondun fəaliyyətləri haqqında yaxından tanış olan qonaq tələbələr onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Layihə iştirakçıları Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar. İştirakçılar həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Türkiyədən gələn gənc tələbələr Quba soyqırım məzarlığını da ziyarət ediblər. Layihə iştirakçıları Quba Soyqırım Memorial Kompleksdə yaradılmış muzeylə də tanış olublar. Qonaqlara 1918-ci ildə ermənilər tərəfindən Azərbaycanda törədilmiş qırğınlar, bu faciənin miqyası və məqsədi, Memorial Kompleks ərazisində aşkar olunmuş kütləvi məzarlıq barədə məlumat verilib.

Eyni zamanda tələbələr Bakı Şəhər Gənclər İdman Baş İdarəsində olub və İdarənin rəis müavini Aydın Yusifovla görüşüblər. Görüş əsnasında Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək rəhbərlik etdiyi idarənin Nərimanov rayonunda yerləşən universitet tələbələri ilə yaxından əməkdaşlıq etdiyini deyib və qonaq tələbələri Nərimanov Rayon Gənclər və İdman İdarəsi ilə əməkdaşlığa dəvət edib. Görüşün sonunda  Bakı Şəhər Gənclər İdman Baş İdarəsinin rəhbərliyi tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, bu fəaliyyətlər Türkiyənin  Beynəlxalq Gənc Dərnəyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə həyata keçirilən “100 İllik Əmanət” layihəsi çərçivəsində həyata keçirilir.