Sosial Fəaliyyətlər ‎“Biz Bir Millət İki Dövlətik” Adlı Tədbir Keçirilib

‎“Biz Bir Millət İki Dövlətik” Adlı Tədbir Keçirilib

4

Bu gün Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında, “Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin” təşkilatçılığı ilə “Biz bir millət iki dövlətik” devizi adı altında tədbir həyata keçirilib.

Tədbir açıq elan edildikdən sonra hər iki ölkənin  dövlət himni səsləndirilib və şəhidlərin xatirəsi yad olunub. Daha sonra “Biz soyqırıma və terrora yox deyirik!” adlı səndli film təqdim olunub.

Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu çıxış edərək Azərbaycan xalqının başına erməni quldurları tərəfindən gətirilən müsibətlərdən danışdı. Xocalı faciəsi haqqında geniş məlumat verdi. O, çıxışında qeyd etdi ki, erməni vəhşiliklərini ifşa etmək, Xocalı faciəsini dünyanın diqqətinə çatdırmaq üçün hər birimizin üzərinə düşən müəyyən vəzifələr var. İnformasiya resurslarımızı Xocalı faciəsi haqqında olan məlumatlarla zənginləşdirmək lazımdır.

Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim gənclərin vətənpərvər ruhda yetişdirilməsi hər bir ölkə üçün başlıca məsələ olduğunu söyləyib. Vətənpərvərlik hissi öncə ailədən başlanıb şagird partası arxasında davam etdirildiyini qeyd edib. Milli ruhda yetişdirilən hər bir gənc yeni bir Mübariz İbrahimov, yeni bir Ömər Halis Dəmir olacağını vurğulayıb. Ölkə rəhbərliyinin  gənclərin təhsilə və tərbiyəsinə olan diqqət və qayğısının da  başlıca diqqət mərkəzində olduğunu qeyd edib.

Milli Məclisin deputatı Sona xanım Əliyeva da tədbirin təşkilatçılarına belə bir tədbiri təşkil etdiyinə görə dərin minnətdarllığını bildirib. Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı cinayət olduğunu qeyd edib. Sona Əliyeva bildirib ki, XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən kütləvi qırğın hadisəsi amansızlığına və qəddarlığına görə bəşəriyyət tarixinin ən qanlı səhifələrindən biri olduğunu qeyd edib.

Bakı şəhər 155 nömrəli tam orta məktəbin şagirdi Nuray Sadıqzadə vətənpərvərlik mövzusunda  şeirlər səsləndirib.

Daha sonra Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin İcraçı direktoru, Laçın rayonundan olan məcburi köçkün Əjdər Hümbətov da çıxış edərək belə tədbirlərin davamlı olması və  Xocalı harayını bütün dünyaya çatdırmaq üçün daha çox çalışmağın vacibliyini vurğulayıb.

Tədbirin sonunda “Avrasiya Beynəlxalq  Araşdırmaları İnistitutu” ictimai birliyinin sədri Milli Məclisin deputatı Qənirə xanım Paşayevanın dəvəti ilə Türkiyənin Kastamonu şəhər Bələdiyyəsinin dəstəyi ilə ölkəmizdə qonaq olan 4 fəal gənc Cansel Nur Komye, Betül Keloğlu, Buse Nur Keloğlu və Elif Maraz ürək sözləri ilə çıxış ediblər.