Sosial Fəaliyyətlər GYF-də Qafqaz İslam Ordusunun 100 İlliyinə Həsr ‎Olunmuş Tədbir Keçirildi

GYF-də Qafqaz İslam Ordusunun 100 İlliyinə Həsr ‎Olunmuş Tədbir Keçirildi

9

12.09.2018-ci il tarixində Bakının işğaldan azad olunmasının 100 illik yubileyi çərçivəsində keçiriləcək tədbirlərdə Türkiyə Cümhuriyyəti tərəfindən iştirak edəcək nümayəndə heyəti, Türkiyə Əməkli Subaylar Dərnəyi (TESUD) və Türkiyə Muharib Qazilər Dərnəyinin üzvləri Gəncliyə Yardım Fondunda Qafqaz İslam Ordusunun 100 illiyinə həsr olunmuş tədbirdə iştirak ediblər.

Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında baş tutan tədbirdə qonaqları Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli salamlayıb. Giriş sözü ilə çıxış edərək Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və dostluq əlaqələrinin sarsılmaz təməl üzərində qurulduğunu, münasibətlərimizin hər zaman başqa dövlətlərə nümunə olduğunu qeyd edib.

Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim fondun fəaliyyəti haqqında qonaqlara məlumat verib. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq, iki qardaş dövlət arasındakı tarixi bağlılığa diqqət çəkib.  Yüz il qabaq  qardaşının ən çətin günündə onu yalnız qoymayıb bütün çətinliklərə baxmayaraq bu yerlərə gələn, bu torpaqları əsarətdən qurtaran Qafqaz İslam Ordusu bu qardaşlığın ən bariz nümunəsidir deyən natiq, bu xalqın da bu mübariz yolda şəhid olan bütün qəhrəman övladları rəhmətlə andığını dilə gətirib.

Tədbirdə çıxış edən Türkiyə Əməkli Subaylar Dərnəyinin (TESUD) İcraçı Katibi polkovnik Rafet Yavuz nümayəndə heyətinin bu səfərini yüksək qiymətləndirib və bu yerlərdə özlərini heç də yad bir insan kimi görmədiklərini deyib. Qonaq eyni zamanda tədbirin təşkilatçılarına və yüksək qonaqpərvərliyə görə fondun kollektivinə təşəkkür edib.

Türkiyə Əməkli Subaylar Dərnəyinin (TESUD) nümayəndəsi Beyazit Yumuk da öz çıxışında  Azərbaycanda olduqlarının məmnunluğunu bildirərək, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri də bizim kədərimizdir deyib.

Tədbirdə çıxış edən Türkiyə Muharib Qazilər Dərnəyinin başqanı polkovnik Ahmet Kendigil də tarixi zəfərin əhəmiyyətindən danışıb və bu kimi tədbirlərin gənc nəslin maarifləndirilməsində müstəsna rol oynadığını qeyd edib.

Tədbirin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və bir qrup şəhid və qazi ailəsinin övladlarına yeni təhsil ilinin başlanması ilə əlaqədar olaraq məktəbli formaları və çantaları təqdim olunub.

Qeyd edək ki, Bakının işğaldan azad olunmasının 100 illik yubileyi çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək nümayəndə heyəti qazilər, şəhid yaxınları və ehtiyyatda olan zabitlərdir. Eyni zamanda qonaqlar Azərbaycana səfərdə olduqları müddət ərzsində bir çox dövlət rəsmiləri ilə görüşəcək,   Qafqaz İslam Ordusunun Acıdərə ərazisindəki şəhid məzarının yenidən qurma işlərindən sonra təşkil ediləcək açılış mərasimində və Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunmuş rəsmi dövlət tədbirində iştirak edəcəklər.