Sosial Fəaliyyətlər Türk Dövlətlərinin Birliyi Günü Qeyd Olunub

Türk Dövlətlərinin Birliyi Günü Qeyd Olunub

4

Rəşid Behbudov adına Mahnı TeatrındaTürk Dövlətlərinin Birliyi Günü – Dünya Türklərinin Həmrəylik Günü münasibəti ilə tədbir keçirilib.  Rəsmi və bədii hissədən ibarət olan tədbirdə millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, Gəncliyə Yardım Fondunun İctimai Əlaqələr şöbəsinin müdiri Eldar Kərimov və gənclər iştirak ediblər.

Öncə xalq artisti Azərinin “Ey Turanım” mahnısının sədaları altında səhnəyə türk dövlətlərinin bayraqları gətirilib.

Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru H.Babaoğlu çıxış edərək türk dövlətlərinin tarixi haqda danışıb. O, bir çox xalqların tarixin səhifələrindən silindiyi halda türk xalqlarının inkişaf yolu keçdiyini, hazırda 8 türk dövlətinin olduğunu vurğulayıb: “Türk xalqları dünyaya sülh, rifah, ədalət, inkişaf gətiriblər. XXI əsrdə türk dövlətləri qarşısında yeni missiyalar yaranıb. Bu dövlətlər bütövlükdə Avrasiyaya sülh, barış gətirməlidirlər və gətirirlər. 90-cı illərin əvvələrində türk xalqlarının birliyini göstərmək üçün cəhdlər edildi. Bu birliyin olması üçün siyasi iradə lazım idi və bu proses uğurla davam etdirildi. Azərbaycan Prezidenti İlham Əliyev türk xalqlarının həmrəyliyi, birliyi istiqamətində böyük töhfələr verib. Dövlət başçımızın təklifi ilə Naxçıvanda təsis edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bu baxımdan çox böyük addımdır”.

Millət vəkili Türk Dövlətlərinin Birliyi Günü münasibəti ilə tədbir iştirakçılarını və bütün türkləri təbrik edib.

Daha sonra çıxış edən “Müasir İnkişaf” İctimai Birliyinin sədri M.Göyüşlü, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri A.Vəliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R.Abbasov türk dövlətlərinin birliyi istiqamətində görülən işlərdən söz açıb və bu prosesi dəstəklədiklərini ifadə ediblər. 2009-cu ildə əsası qoyulan, 2010-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gördüyü işləri müsbət dəyərləndirən çıxışçılar, dövlət başçılarının atdıqları addımların, verdikləri qərarların birliyi daha da möhkəmləndirdiyini qeyd ediblər.

Tədbirin bədii hissəsində vətənpərvər mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlının, əməkdar artist Nuriyyə Hüseynovanın ifasında musiqilər səsləndirilib. BDU-nun tələbəsi, “Vətənim Azərbaycan” bədii qiraət müsabiqəsinin qalibi Rauf Əliyevin ifasında “Əzəl axır dünya bizim olacaq”, “Qarabağı vermərəm” şerləri, Fəda Nəsirli və Təhminə Quliyevanın ifasında rəqs nömrəsi, Alpaqut Federasiyasının təmsilçilərinin iştirakı ilə idman səhnəciyi, Solmaz Kosayeva və Nuray Rəhmanın ifasında musiqilər səsləndirilib.

Sonra tədbirdə aktiv iştirak edən şəxslər Fəxri Fərman və Təşəkkürnamə ilə mükafatlandırılıblar.

Qeyd edək ki, Türkdilli ölkələrin dövlət başçıları (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan) 2010-cu ildə hər il 3 oktyabr tarixinin Türk Dövlətlərinin Birliyi Günü, başqa adla desək Dünya Türklərinin Həmrəylik Günü kimi keçirilməsi ilə bağlı qərar qəbul ediblər.