Bu gün Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Türkiyə Cümhuriyyəti Səbahəttin Zaim Universitetinin Psixologiya kafedrasının müdiri Dr. Turqay Şirinin “Mərkəzi İnsan Modeli” adlı seminarı baş tutub. Seminarda Gəncliyə Yardım Fondunun rəhbər işçiləri və məsul əməkdaşları iştirak edib.
Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim müasir dünyada kamil insan modelinin əhəmiyyətindən bəhs edib və Dr. Turqay Şirinin bu sahədə apardığı geniş araşdırmaları haqqında tədbir iştirakçılarına məlumat verib.
Daha sonra çıxış edən Dr. Turqay Şirin ilk olaraq Azərbaycanda olduğu üçün özünü xoşbəxt hiss etdiyini dilə gətirib. O qeyd edib ki, müasir dünyada, xüsusilə avropada inkişaf etmiş tək tərəfli fərdi inkişaf metodlarının fərdlər üçün müəyyən dərəcədə faydaları olsa da, ümumi cəmiyyət üçün heç bir faydası olmamışdır. Bunun üçün əcdadlarımızın toplumun inkişafında istifadə etdikləri metodları dərindən öyrənməli və öz həyatımıza tətbiq etməliyik. Bu sahədə bir çox maraqlı məlumatları seminar iştirakçılarına çatdıran natiq, istər keçmişdə, istərsə də modern dünyada insan tanıma metodu kimi istifadə edilən Enneagram haqqında da fikirlərə xüsusi yer ayırıb.
Maraqlı seminarın sonunda qonağa təşəkkür edilib və iştirakçıların sualları cavablandırılıb.