Bu gün “Canlı Svetafor” Piyadalara Kömək Təşəbbüs Qrupunun üzvləri və könüllüləri Gəncliyə Yardım Fondunun qonağı olub. GYF-nin Ömər Halis Demir adına seminar salonunda keçirilən görüşdə Gəncliyə Yardım Fondunun İctimai Əlaqələr Şöbəsinin müdiri Eldar Kərimov qonaqları salamlayıb və qrup üzvü olan uşaqlara fondun gənclərlə bağlı fəaliyyətləri haqqında məlumat verib. Daha sonra uşaqlar fondun fəaliyyətlərini özündə əks etdirən video roliki izləyiblər.
“Canlı Svetafor” Piyadalara Kömək Təşəbbüs Qrupunun rəhbəri Xalid Musayev qrup üzvləri haqqında məlumat verib və onları qəbul etdikləri üçün fond rəhbərliyinə öz təşəkkürünü bildirib. Bir-binindən maraqlı və rəngarəng formalarla görüşə gələn uaşqlarla Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, T.C. Bakı Böyükelçiliyinin Təhsil müşaviri Mahmut Ağrıman və Azərbaycanda müxtəlif universitetlərdə təhsil alan Türkiyəli gənclər də görüşüb. Daha sonra uşaqlar fondun nəzdində fəaliyyət göstərən kitabxananı ziyarət edib və xarici dil kurslarının tədris otaqlarını gəziblər.
Görüşün sonunda “Canlı Svetafor” Piyadalara Kömək Təşəbbüs Qrupunun üzvləri Gəncliyə Yardım Fondunun rəhbərliyi ilə xatirə şəkilləri çəkdirib və uşaqlara fond tərəfindən xüsusi hədiyyələr təqdim edilib.