Gəncliyə Yardım Fondunda Bakı İstedadlı Gənclər Akademiyasının (BİGA) təşkilatçılığı ilə müxtəlif universitetlərdə oxuyan tələbələr üçün iftar süfrəsi açılıb. Tədbirdə 200-dən artıq tələbə iştirak edib. Tədbir müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondunun təhsil koordinatoru Rüfət Şirinov tələbə gənclərə fondun fəaliyyətləri haqqında məlumat verib və gənclər üçün yaradılan şəraitdən danışıb. Daha sonra çıxış edən fondun icraçı katibi Sedat Demir qonaqları salamlayaraq Ramazan ayı münasibətilə hər kəsi təbrik edib. O öz çıxışında bu gözəl günlərin dostlar arasındakı münasibətlərin günclənməsinə vəsilə olacağına inandığını vurğulayıb.
İftar süfrəsində iştirak edən qonaqlar da çıxış edərək fondun Ramazan ayındakı bu kimi xeyriyyə tədbirlərini yüksək qiymətləndirib və tədbir iştirakçılarının timsalında bütün müsəlman aləmini qarşıdan gələn Ramazan Bayramı münasibəti ilə təbrik ediblər.
Qeyd edək ki, hər il ənənəvi olaraq Ramazan ayının əvvəlindən sonunadək Gəncliyə Yardım Fondunun konfrans zalında təşkil edilən iftar proqramları bu il də davam edir. Gündəlik 300 nəfər üçün hazırlanan iftar süfrələrində cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edir və Ramazan ayının sevincini birlikdə yaşayırlar.