Sosial Fəaliyyətlər GYF-Nümayəndələri Ümumdünya Qaçqınlar Günü ilə Bağlı Keçirilən Tədbirdə İştirak Edib

GYF-Nümayəndələri Ümumdünya Qaçqınlar Günü ilə Bağlı Keçirilən Tədbirdə İştirak Edib

4

İyunun 20-də Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib.

Beynəlxalq Muğam Mərkəzində təşkil edilən tədbirin iştirakçıları əvvəlcə qaçqınların və məcburi köçkünlərin həyatından bəhs edən fotosərgiyə baxıblar.

Tədbiri açan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Quido Ambroso tədbirin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Hökumətinə və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

Sonra BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandinin videomüraciəti nümayiş etdirilib.

Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tədbirdə çıxış edərək bildiriblər ki, qaçqın və məcburi köçkün problemi bu gün dünyanı narahat edən məsələdir. Bu gün dünyada 70 milyondan çox qaçqın və məcburi köçkün var. Bu problemin həlli üçün dünya dövlətləri, siyasətçilər ciddi səy göstərməlidirlər. Ölkələr qaçqın və məcburi köçkünlərə yardımlar edirlər. Bu, yaxşı haldır. Ancaq münaqişənin həlli kökündən həll olunaraq qaçqınlığa, köçkünlüyə son qoyulmalıdır. Məhz müharibələrin səbəbidir ki, dünyada qaçqın ordusunun sayı artır.

Sonra Dövlət Miqrasiya Xidmətinin Ümumdünya Qaçqınlar Günü ilə bağlı hazırladığı videoçarx nümayiş olunub.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai qeyd edib ki, qaçqın və məcburi köçkün problemi dünya üçün ciddi təhlükədir. BMT-nin iqlim dəyişikliyinə və digər problemlərə qarşı mübarizə apardığı bir dövrdə ən çox diqqət qaçqın və məcburi köçkünlərin üzərinə yönəlməlidir. Bu il dünyada öz yurd-yuvalarından didərgin düşən insanların sayı ən yüksək həddə çatıb. Bu, bizi problemi yaradan səbəblər barədə dərindən düşünməyə vadar edir. Məsələnin həlli üçün bütün dövlətlər və aidiyyəti təşkilatlar birgə səy göstərməlidirlər.

Tədbir bədii hissə ilə davam edib.