Bu gün müqəddəs Qurban bayramı münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Dəyanət Vəqfinin nümayəndəsi, sabiq Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din İşləri Müşaviri Dr. Sadık Eraslan, TDV icraçı direktorunun köməkçisi Sait Doğan və Türkiyə Dəyanət Vəqfinin könüllüləri Ahmet Elmaca və Ayhan Gedikli Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüblər. Səmimi çay süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri haqqında geniş məlumat verib.
Cənab Ahmet Tecim bildirib ki, qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Türkiyə Dəyanət Vəqfinin nümayəndəsi, sabiq Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din İşləri Müşaviri Dr. Sadık Eraslanın rəhbərlik etdiyi nümayəndə heyəti də öz növbəsində fond rəhbərliyinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.
Görüşün sonunda qonaqlara Gəncliyə Yardım Fondunun xatirə hədiyyəsi təqdim edilib və xatirə fotoları çəkilib.