Sosial Fəaliyyətlər GYF-Nümayəndələri “Xocalılı Ləfixanım” Sənədli Filminin Təqdimatında İştirak Edib

GYF-Nümayəndələri “Xocalılı Ləfixanım” Sənədli Filminin Təqdimatında İştirak Edib

8

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Xocalılı Ləfixanım” adlı sənədli filmin təqdimatı keçirilib. Film  “Əlil qadınlar” Cəmiyyətinin layihəsi əsasında  Azərbaycan  Respublikası Prezidentinin QHT-na dövlət dəstəyi şurasının maliyyə yardımı ilə ərsəyə gəlib. Ekran əsəri Xocalı soyqırımına həsr olunub. Təqdimat mərasimində Gəncliyə Yardım Fondunun nümayəndələri də iştirak edib.

Filmin rejissoru İsmayıl Musayev, ssenari müəllifi isə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-in Müəllif Proqramları və Xüsusi Layihələr departamentinin direktor müavini, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin, Televiziya və radio jurnalistikası kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribovdur. Mahir müəllimin sözlərinə görə, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq baxımından “Xocalılı Ləfixanım” sənədli televiziya real həqiqətlərə söykənir və bu baxımdan film müstəsna əhəmiyyətə malikdir. “Məhz belə filmlər sayəsində yetişməkdə olan gənc nəsil vətənpərvər ruhunda tərbiyə olunur, vətəninin tarixini dəqiq bilir. Bir televiziya işçisi, tarixçi və müəllim kimi vəzifə borcumuzdur ki, konkret tarixi faktları özündə əks etdirən sənədli filmlər hazırlayaq və dünya ictimaiyyətinə təqdim edək. “Xocalılı Ləfixanım” ilk belə film deyil. Sonuncu da olmayacaq”,-deyə, o, qeyd edib.